Türkiyədə etirazçılar ABŞ-ın hərbi bazasına soxulmağa cəhd edib

Türkiyədə polis ABŞ Hərbi Hava Qüvvələrinin də yerləşdiyi İncirlik hava bazasına girməyə cəhd edən Fələstin tərəfdarı etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, baza yaxınlığında keçirilən etiraz aksiyasını İnsan Hüquq və Azadlıqları Müdafiə Humanitar Fondu (İHH) təşkil edib. Etirazçılar İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarına qarşı çıxıblar.

Telekanalın məlumatına görə, etirazçılardan bəziləri bazaya İstanbuldan gəlib, daha sonra onlara başqa şəhərlərin sakinləri də qoşulub.

NTV qeyd edir ki, aksiya hakimiyyətlə razılaşdırılıb, amma o, başqa yerdə keçirilməli imiş. Bununla əlaqədar olaraq polis bazaya yaxın yolları bağlayıb.

Nümayişçilər tarlalar vasitəsilə bazaya daxil olmaq istəyəndə polis etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən istifadə edib.

Bu gün isə məlum olub ki, ABŞ dövlət katibi Antoni Blinken Ankaraya səfərə gəlib.