Seyyid Həsən Nəsrullah: Heç bir zülm bizim iradəmizə qalib gələ bilməz

Noyabrın 3-də “Hizbullah” lideri Həsən Nəsrullah çıxış edib. Həsən Nəsrullah çıxışını hazırda davam edən İsrail-Fələstin müharibəsinə həsr edib.
O bildirib ki, "Əl-Əqsa Tufan əməliyyatı"nın qərarı və icrası 100 faiz Fələstinə aid olub. “Hizbullah” lideri əməliyyatın məxfi hazırlandığını bildirib:
"Bu məxfiliyi qorumaq üçün hətta Fələstindəki digər qruplaşmalarından da gizlədilib. Bizim də bundan xəbərimiz yox idi”.
İsrailin Baş naziri B.Netanyahunu "axmaq” adlandıran Nəsrullah deyib ki, İsrail əldə edə bilməyəcəyi yüksək məqsədlərdən danışır:
"Məsələn, "HƏMAS"ı və onun hərbi rəhbərliyini məhv etmək istədiyini deyir ki, bu da qeyri-mümkün bir məqsəddir. İsrail axmaq və acizdir. "HƏMAS" qardaşlarımızın davranışı İsrailə qarşı döyüşün reallığını gücləndirdi və düşmənlərin, ikiüzlülərin tarixi yenidən yazmaq cəhdlərini dayandırdı. Oktyabrın 7-də baş verənlər İsrailin mövcudluğu səviyyəsində təhlükəsizlik, hərbi, siyasi və psixoloji təhlükəsizlik sahəsində zəlzələ yaratdı. ABŞ-ın da İsraili dəstəkləmək cəhdi uğursuz oldu. İsrailin mənəvi və hərbi dəstək üçün bütün Amerika donanmasına ehtiyacı olması İsrailin zəif olduğunu nümayiş etdirir".
“Hizbullah” lideri ABŞ-ın müharibəyə görə məsuliyyət daşıdığını bildirib:
"ABŞ bütün qırğınlara görə məsuliyyət daşıyır. ABŞ Livan və Əfqanıstandakı qırğınlara görə də məsuliyyət daşıyır. Vaşinqton Qəzzada müharibəyə rəhbərlik edir və bunun əvəzini ödəməlidir. İraq və Suriyada törətdiyi qətllərə görə də cavab verməlidir".
"Bu, doğru ilə yanlışın döyüşüdür. Bu müharibənin bir tərəfi İngiltərə, İsrail və insanlığını itirənlərin apardığı müharibədir... Gecə-gündüz işləməyimiz lazım olan məqsəd Qəzzaya hücumları dayandırmaqdır. Biz Fələstin üçün həmrəyik. Müqavimət qüvvələri ABŞ-ın İraq və Suriyadakı bazalarına hücum edəcək. Bunun əvəzini ABŞ ödəməlidir. Müharibəyə və hücumlara son qoymalıyıq. Biz artıq oktyabrın 8-dən bu müharibədə iştirak etmişik".-deyə o, davam edib.
 
Meydan TV