“Washington Post” jurnalist Xədicə İsmayılovaya təzyiqlərdən yazıb

"Jurnalist Azərbaycanda korrupsiyanı ifşa edib. Ölkə isə onu təqib etməkdədir”.
 
"The Washington Post” qəzetinin baş məqaləsi belə adlanır. 
 
Qəzet araşdırmaçı jurnalist Xədicə İsmayılovanın 2016-cı ildə həbsdən buraxılmasına baxmayaraq mübarizənin davam etdiyini yazır. Jurnalist hakimiyyətin yüksək pillələrində korrupsiya və qohumbazlığı araşdırandan sonra susdurulmaq üçün həbsə atılmışdı. Avqustun 7-də Azərbaycanın Ali Məhkəməsi onun barəsində qondarma vergidən yayınma ittihamlarını qüvvədə saxlayıb.
 
Məqalədə Xədicə İsmayılovanın Azərbaycan Prezidenti İlham Əliyev və ailəsinə bağı biznesi ortaya çıxarmasından, Əliyevin Azərbaycanı "şəxsi ərazi” kimi idarə etməsindən söz açılır. Jurnalist qanunsuz sahibkarlıqda təqsirli bilinib, onun "xarici mediadan qazandığı bütün pullar qanunsuz” sayılıb. O, 2008-2010-cu illərdə AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri olub. 
 
X.İsmayılova "Amerikanın səsi”nə deyib ki, hələ də 2016-cı ildə UNESCO-dan aldığı mükafatı əldə etməyə çalışır. Jurnalistə səyahət qadağası qoyulub, bank hesabları dondurulub.
 
Bu ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsinin İsmayılovanın 2013-cü ildə verdiyi şikayəti üzrə qərarında deyilirdi ki, hakimiyyət jurnalistə qarşı qarayaxma kampaniyasına düzgün yanaşmayıb. O zaman İsmayılovaya şantaj məktubu göndərilmiş, "gördüyü işlərdən əl çəkməzsə” intim videolarının yayılacağı bildirilmişdi. Sonradan video internetdə yayıldı. İsmayılova isə mənzilində gizli kameralar aşkarladı, araşdırılma tələb etdi. Məhkəmə hökumətin jurnalistin gizlilik və ifadə azadlıqlarını qorumadığını bildirmiş, 19 min dollarlıq kompensasiya kəsmişdi.
 
"Bu, Azərbaycanın jurnalistlərə və azad sözə amansız repressiyasına kiçicik cavab zərbəsi idi. İndi bu cəsarətli jurnalisti yenilənmiş təqiblərdən qorumağa Qərbdən daha bir reaksiya gərəkdir”, – qəzet yazır.
 
Azadliq Radiosu