Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Namiq Abbasəliyev iki gündür ki, axtarılır.
Bunu AXCP-dən bildiriblər.
Partiyadan verilən məlumata görə, N.Abbasəliyevi iki gün öncə, yanvarın 15-də Sumqayıt yolunda polis saxlayıb.
«Ailəsinə, dostlarına N.Abbasəliyevin harada saxlanması barədə məlumat verilmir. Heç bir polis idarəsi onu saxladığını təsdiq eləmir», - deyə AXCP-dən bildiriblər.
Hələlik, bu məsələyə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Hazırda AXCP-nin müxtəlif ittihamlarla üzləşən 10-a yaxın fəalı uzunmüddətli həbsdədir. Daha bir neçə fəal isə polisə müqavimətdə günahlandırılaraq inzibati qaydada həbs edilib.
Üstəlik, ağır cinayətlərdə ittiham edilən daha bir neçə partiya fəalının da hazırda məhkəməsi gedir.
AXCP rəhbərliyi bütün işləri siyasi və qurama hesab edir. Amma rəsmilər ölkədə siyasi sifarişlə insanların həbs edilməsi ilə bağlı iddiaları qəbul etmirlər.
Azadlıq Radiosu
AXCP fəalından xəbər yoxdur
Oxşar xəbərlər