Nurlan Libre: “Milli Mətbuat Gününü 'anti-milli' ünsürlər olaraq zindanda qeyd edirik”

“Meydan TV işi“ üzrə həbsdə olan jurnalist, “Portağal Media” saytının direktoru Nurlan Libre (Qəhrımanlı) Bakı İstintaq Təcridxanasından ictimaiyyətə məktub ünvanlayıb.

Jurnalistin “Milli Mətbuat Günü” ilə bağlı yazdığı məktubu “Toplum TV“ olduğu kimi təqdim edir.

“Milli Mətbuat Günü” ifadəsi olduqca ironik səslənir. Sanki anti-milli mətbuat da varmış kimi, “milli” media əməkçilərinə ayrıca bayram təşkil edilmiş kimi. “Əkinçi” qəzetinin yaranma tarixindən və ya Həsən bəy Zərdabinin şəxsi həyatından bəhs etmək niyyətim yoxdur. Ümumiyyətlə, hazırkı bayramın tarixi kökləri ilə əlaqəsi hələ uzun illər əvvəl kəsilib. Mətbuat olaraq həqiqəti öldürüb üzərində yeni həqiqət inşa etdiyimiz post-gerçəklik dövrünə çoxdan qədəm qoymuşuq. Yeni gerçəklikdə Mirşahin milli mətbuatımızı təmsil edir. Ya da “milli mətbuat” deyəndə ağlıma o gəlir.

Sözlərimdə qətiyyən alt məna axtarmayın, kifayət qədər səmimiyəm. Mən Mirşahindən nifrət eləmişəm. Heç rəğbətim də yoxdur. Mirşahin şəxsdən daha çox bir ideyadır. O, nə zamansa ölsə belə, davamçıları mütləq olacaq. Mirşahin diskurs yaradır, dediklərinə də həqiqətən inanır. Həqiqətin qeyri-müəyyən olduğu dövrümüzdə Mirşahinə görə Azərbaycan hibrid müharibə ilə qarşı-qarşıyadır. Düşmən liberal dəyərlərlə silahlanıb və ölkəni - Əliyevstanı təhdid edir. Milli mətbuatımızın da əsas məqsədi İlham Əliyevə atasından miras qalan dövləti xarici və daxili düşməndən qorumaqda dəstək olmaqdır. Buradakı “daxili düşmən” də vətəndaş cəmiyyəti, QHT-lər, media əməkçiləri, müxalifət və s., bir sözlə, demokratik dəyərlərə inanan hər kəsdir.

Dialektikaya görə bir şeyin var ola bilməsi üçün onun əksi də olmalıdır. Burada “milli mətbuat” varsa, anti-milli mətbuat da olmalıdır nəticəsinə gəlirik. Anti-milli mətbuat dövlət nomenklaturasını (Əliyevin yalanlarını) tirajlamır, alternativ fikrə dəyər verir, xəbər hazırlayarkən şərh vermir. Biz hər hansısa dövlətin, şirkətin və ya şəxsin maraqlarını müdafiə etmirik. Senzura mühitində xalqdan gizlədilən məlumatları yayımladığımız üçün cəzalandırılırıq.

Milli mətbuatla aramızdakı əsas fərq korrupsionerə qarşı olan münasibətimizdir. Biz onlara “cinayətkar” deyirik, onlar isə İlham Əliyevin ağzına baxırlar ki, nə zaman həmin şəxsi vəzifədən kənarlaşdıracaq. Bu zaman aramızda heç bir fərq qalmır. Dünənə kimi “dəyərli bəy” adlandırdıqları şəxsin gerçək simasını ifşa etməyin vaxtı sonunda çatır.

Milli mətbuatımıza “Jurnalistlər binası”ndan ev paylayırlar, cənab Əliyev bizə isə zindanı layiq bilir. Hər ilin əvvəlində milli mətbuatımıza müsahibə verir. Mirzələri onun cavablarını şövqlə suala çevirirlər. Axırda da təşəkkür edirlər. Milli mətbuatımızın əsas missiyası İlham Əliyevin necə uğurlu lider olduğunu xalqa çatdırmaqdır. Hər nailiyyətdə İlham Əliyevin imzası var, hər neqativ hadisənin səbəbkarı isə məmurlardır. Ölkəyə qarşı yönələn hər tənqidi ermənipərəst qüvvələr söyləyir. Ölkədə varlığımız belə erməni dəyirmanına su tökməkdir.

Mirşahin də, İlham Əliyev də sonunda torpağa qovuşacaqlar, amma onların inandıqları ideyalar yaşamağa davam edəcək. Necə deyərlər, müqəddəs taxt heç vaxt boş qalmayacaq. Hakimiyyət hərisliyi uğrunda daim mübarizə olacaq. Ümid edək ki, məğlub olsunlar.

Milli Mətbuat Gününü anti-milli ünsürlər olaraq zindanda qeyd edirik. Peşman da deyilik”.

Nurlan Libre 2025-ci ilin fevralında “Meydan TV işi” üzrə saxlanılıb və ona qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. O, ittihamları qəbul etmir və peşə fəaliyyətilə əlaqələndirir.