Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər

Yəmənin “Ənsarullah” hərəkatının üzvləri Səudiyyə Ərəbistanının dəniz blokadasını pozmasına cavab olaraq iki tankeri vurduqlarını açıqlayıblar.

Bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

"Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə Silahlı Qüvvələr tərəfindən tətbiq edilən blokadanı pozan Səudiyyə Ərəbistanının iki neft gəmisinə zərbə endirmək üçün əməliyyat keçirib. Gəmilərdən birinin adı ENCELIA, digərinin adı isə LAYLA idi", -açıqlamada deyilir.

Hərəkatın hücumda dronlardan, eləcə də ballistik və kruiz raketlərindən istifadə etdiyi bildirilir.

Qeyd edək ki, daha əvvəl böyük Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Səudiyyə Ərəbistanına aid bir tankerin Əl-Şuqaiq şəhərindən 70 dəniz mili cənub-qərbdə naməlum mərmi ilə hücuma məruz qaldığı barədə xəbər yayıb.