AXCP üzvü Kənan İsmayılov inzibati qaydada 30 sutka həbs edilib

AXCP-nin Xətai Rayon Şöbəsinin üzvü Kənan İsmayılov inzibati qaydada 30 sutka həbs edilib.

Bu barədə Meydan TV-yə AXCP-nin Nərimanov Rayon şöbəsinin sədr müavini Gülnarə Rəhimova məlumat verib.

Onun sözlərinə görə, İsmayılovdan iyulun 22-dən etibarən xəbər ala bilməyiblər.

“Dünən bütün gün Kənandan xəbər ala bilməmişik. Əldə etdiyimiz məlumata görə, polis əməkdaşları saxlayıb və Nizami Rayon Məhkəməsinə gətirilib. Kənan polisə müqavimətdə ittiham olunur. Bu gün məhkəmənin qərarı ilə o 30 sutka həbs olunub”, – deyə Gülnarə Rəhimova bildirib.

Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox partiya üzvü və fəalı həbsdədir. Partiya onların da siyasi motivlərlə təqib olunduğunu bəyan edir.

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında 328 siyasi məhbusun adı var.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.