Siyasi məhbuslar ictimayyətə çağırış ediblər: “Susmayın”

Yüzədək siyasi məhbusun dəstəklədiyi bəyanatda ziyalıların, bütövlükdə ölkə ictimaiyyətinin Azərbaycanda yaşanan hüquqsuzluq və ədalətsizliklərə biganə qalmamağa çağırış edilib:

“Azərbaycandakı avtoritar rejim insan hüquqlarını, eyni zamanda siyasi, mədəni və iqtisadi azadlıqları hər gün məhdudlaşdıraraq repressiv siyasətini sərtləşdirir. Xalqın iradəsindən kənar formalaşdırılan saxta parlament vasitəsilə qanunvericiliyi mürtəceləşdirərək repressiv metodlarını legitimləşdirməyə çalışır.

Azərbaycan xalqının birliyi, əzmi və dövlətin hərbi, iqtisadi imkanları hesabına müharibədə qazanılan qələbəni öz şəxsi resursuna çevirən və bundan dividend götürən avtoritar rejim zəfər eyforiyası altında xalqı əzir, onun haqqı olan təbii sərvətlərini talayır, insan hüquq və azadlıqlarını ayaq altına alır.

Biz hər gün müxtəlif ittihamlarla şərlənərək həbsxanalara gətirilən onlarla azərbaycanlı ilə qarşılaşırıq. Onların tam əksəriyyəti gənclərdir və narkotiklə şərlənirlər. Sərhədləri bağlayıb ölkəyə narkotik idxal edib sonra ondan Azərbaycan vətəndaşlarına, gənclərə qarşı istifadə edən irtica bütün qırmızı xətləri keçərək bəşəri cinayətlərə imza atır. Şərlənən bu insanlar isə Sizin övladlarınız, qohumlarınız və doğmalarınızdır. Ölkədəki repressiv siyasət ictimai mövqe və siyasi kimliyinə fərq qoymadan hər bir azərbaycanlının qapısını döyür. Yəni Sizlər siyasətə qarışmasanız da, siyasət dəmir pəncəsi və rezin dəyənəyi ilə qapınızın astanasındadır. Yanlış anlaşılmasın deyə xüsusi olaraq vurğulayaq ki, mövzu kimlərinsə bizi müdafiə edib-etməməsi ilə deyil, bu ölkənin və gələcək nəsillərin taleyi ilə bağlıdır.

Çox da uzaqda olmayan tariximizdə baş verən Söyüdlü hadisələri də göstərdi ki, ölkəni sürətlə demokratik dünyadan qoparıb Mərkəzi Asiyaya doğru aparan avtoritar rejim hətta ən kiçik bir kənddə belə etirazları bağışlamır, qoca-cavan tanımadan kasıb, sadə xalqa amansız divan tutur. Bütün bunlar həm də ona görə baş verir ki, ictimaiyyət, ziyalılar bu ədalətsiz gedişata susaraq seyr edir.

Azərbaycan və onun gələcək nəsilləri naminə etiraz səsinizi ucaldın. Bu gün bunu etməsəniz, sabah çox gec olacaq”.