Böyük Həzrəti Əlinin (ə) sözüdür: “Zalımın sonu yaxınlaşdıqca, zülmü artar və daha da azğınlaşar”.
8 aya yaxındır, kiçik bir Qəzzanın müqavimətini qıra və döyüş meydanında yalqız, tək-tənha buraxılan HƏMAS-ı məğlub edə bilməyən İsrailin Netanyahu hökumətinin də zülm və azğınlığı artıq hüdud tanımır.
Beynəlxalq Ədalət Məhkəməsinin Rəfaha hücumu dayandırmaq barədə qərarına, BMT qətnamələrinə və Baş Katibinin də ardıcıl çağırışlarına baxmayaraq, İsrail bütün dünyanın gözləri önündə fələstinli qaçqınların məskunlaşdıqları çadır düşərgələrini belə, amansızlıqla bombardman edir, ABŞ isə İsrailin hələlik “qırmızı xətləri” keçmədiyini söyləyərək, onu öz azğınlığını davam etdirməyə daha da həvəsləndirir...
Şübhəsiz, Netanyahu hökumətinin bu azğınlığının arxasında məhz ABŞ-ın açıq himayəsi və İsrailə birmənalı dəstəyi durur! Əksər müsəlman ölkələri, xüsusən də ərəb dövlətləri ərazilərindəki ABŞ hərbi bazalarının qorxusundan səslərini çıxara, fələstınlilərə dəstək verə bilmirlər!
Ərazisinin işğal olunduğu bəhanəsiylə Ukraynaya milyardlarla dollar yardım edən, onu silahlandıran və 2 ildən çoxdur bütün dünyanı Rusiyanın üzərinə qaldırmağa çalışan ABŞ nəinki eyni münasibəti İsrail-Fələstin münaqişəsində göstərmir, üstəlik, açıq şəkildə İsrailə Qəzzanın qətliamla boşaldılmasına və Fələstin torpaqlarının işğalını tamamlamasına böyük hərbi-siyasi dəstək nümayiş etdirir...
İnanmayan ABŞ-ın təkcə aprel ayında İsrailə ayırdığı maliyyə yardımının həcminə baxsın – 27 milyard dollar!
Ən acınacaqlısı odur ki, ABŞ-İsrail tandeminin müsəlmanların başına gətirdiyi bütün bu fəlakətləri və müsəlman ölkələrinə münasibətdə göstərdiyi bu ayrıseçkiliyi görə-görə, hələ də bəzi azərbaycanlı siyasətçilərimiz özlərini qanmaz və zırrama yerinə qoyaraq, ABŞ-ı “dünyanın təhlükəsiz gələcəyini və demokratiyanı təmin edən ən qüdrətli dövlət” olaraq təbliğ edir, bütün geopolitik qarşıdurmalardan rəsmi Vaşinqtonun qalib çıxmasını arzulayır, onunla müttəfiqliyə can atır, bu yöndə çalışırlar...
Anlamırlar ki, həqiq güc və qüdrət yalnız Allaha məxsusdur!
Yanlış yolda olan azğın və zülmkar bir ittifaqın – səlibçi-sionist düşüncə sahiblərinin önündə tək-tənha buraxılsa da, öz dəyanəti və sarsılmaz iradəsiylə İslam müqavimətinin simvoluna çevrilmiş Qəzza əhalisi, inşallah, Allahın bu zalımlardan daha qüdrətli olduğunu hər kəsə sübut edəcək!
İslamın yolgöstəricisində - kitabımız “Qurani-Kərim”də, “Saff” surəsində açıq-aydın deyilir: “Onlar Allahın nurunu öz ağızlarıyla (sözlərlə) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah öz nurunu tamamlayacaqdır!”
Bəli, zalımların sonu yaxınlaşır, kafirlərin azğınlıqlarının artması da buna görədir!
Siyasi politoloq Elxan Şükürlü
Netanyahu hökumətinin bu azğınlığı arxasında ABŞ-ın İsrailə dəstəyi durur