Nazir müavini: Azərbaycan “Şimal-Cənub” dəhlizi ilə bağlı bütün işləri başa çatdırıb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, ötən il “Şimal-Cənub” və “Şimal-Qərb” istiqamətləri üzrə 3,5 milyon ton yük daşınıb. Lakin bunun böyük hissəsi “Şimal-Qərb” dəhlizinin payına düşüb.

Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Rusiyanın Həştərxan şəhərində “Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında ticari-iqtisadi və humanitar əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.

Nazir müavini bildirib ki, Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, Azərbaycan bu layihənin icrası ilə bağlı bütün işləri artıq başa çatdırıb.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində əldə edilib. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında saziş"ə qoşulub.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu və avtomobil daşımalarını da reallaşdıracaq.