Naxçıvanda böyük məscid kompleksi tikilir – Eyni vaxtda 5 min nəfər ibadət edə biləcək

Naxçıvan şəhərinin görkəmli yerlərindən birində Heydər məscidi kompleksi ucaldılır və yaxında tikintisi başa çatacaq.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, eyni vaxtda 5 min nəfərin ibadət edə biləcəyi kompleks 6 min 400 kvadratmetr sahəni əhatə edir. Bununla belə iki minarəli 15 günbəzli məsciddə qadın və kişilər üçün ayrıca ibadət zalı və mədrəsə olacaq.

Naxçıvan və Şərq memarlıq məktəbi üslubunda tikilən məscidin minarələrinin hündürlüyü 40, günbəzlərinin hündürlüyü isə 12 metrdir.

Həmçinin kompleksdə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada iş, kəbin və digər otaqlar, mərasim evində isə qadın və kişilər üçün ayrıca bölmələr, eləcə də dəstəmazxanalar olacaq. Hazırda məscid kompleksində işlərin böyük bir hissəsi yekunlaşıb.