Müxalifətçi məcburi müalicə üçün ruhi dispanserə göndərilib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvü Ziyafət Abbasovanın iyunun 6-da oğurlanaraq 1 saylı Maştağa ruhi əsəb dispanserinə yerləşdirildiyi bildirilir. Bu barədə Turan-a partiyanın sədri Qubad İbadoğlu məlumat verib.

Onun sözlərinə görə, yaxınları bu barədə 1 gün sonra xəbər tutub.  

İbadoğlu qeyd edib ki, Ziyafət Abbasovanın sağlamlığı qaydasındadır, səhhəti normaldır, onun ruhi-əsəb dispanserində müalicəyə ehtiyacı yoxdur. "Bütün bu baş verənlər də yalnız xalqı qorxutmağa, tənqidi fikirləri susdurmağa, hakim ailənin və onun ortaqlarının oğurluqlarının ifşa olunmasının qarşısını almağa yönəlib". 

O, aidiyyatı orqanlardan Ziyafət xanımın tez bir zamanda evə buraxılmasını tələb edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, vətəndaş Ziyafət Abbasova yaşadığı sığınacağın müraciətinə əsasən, sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib. "Hazırda onun müalicəsi davam etdirilir".