Məhkəmədə gərginlik: Rasim Məmmədov Əvəz Zeynallı ilə üzləşdi

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Xural TV-nin sahibi Əvəz Zeynallı və Səda TV-nin sahibi Elnur Şükürovun məhkəməsi davam edib. 

Prosesdə “Baku Steel Company” MMC-nin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədov şahid qismində dindirilib. 

O, ifadəsində Əvəz Zeynallını kəskin tənqid edib. 

 “Əvəz Zeynallı məni tanımaya-tanımaya ən çox pislik edən adamdır. Gah deyirdi ki,guya mən Loğman Zülfüqarlıdan, Nazim Bəydəmirlidən zavod alıb dağıtmışam. Efirdə olanda deyirdi ki, sübut edəcəm. Elə danışırdı ki, guya mənimlə şərik olub. Mən öz məhkəməmdə də demişəm ki, zavodu alanda iki yəhudi vətəndaşla danışmışam”.

Onun sözlərinə görə, Loğman Zülfüqarlını cəmi üç dəfə görüb: “Əvəz Zeynallının dedikləri hamısı yalandır. Adını qoyub ki, “Rasim Məmmədovu tənqid edirəm”. Təndiq başqadır, təhqir başqa... Yalan danışdığı üçün Əvəz Zeynallının məsələsinin başını buraxdım”.

Rasim Məmmədov prokurorun və vəkillərib suallarını cavablandırıb. O, istintaqdakı ifadəsini təsdiq etdiyini deyib. Əlavə edib ki, ailə üzvlərinin Əvəz Zeynallıya çatdırmaq üçün vəkil Elçin Sadıqova 20 min manat verməsindən xəbəri olmayıb. 

Rasim Məmmədov dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırsa da, Əvəz Zeynallının suallarını cavablandırmaqdan imtina edib: 

“Hörmətli hakim, mən bu tərbiyəsizin suallarını cavablandırmaq istəmirəm".

Əvəz Zeynallı: “Tərbiyəsiz sənsən, şərəfsiz”.

Tərəflər bir-birlərini təhqir ediblər, məhkəmədə gərginlik yaranıb. Hakim Əli Məmmədovun göstərişi ilə Əvəz Zeynallı məhkəmə zalından çıxarılıb. Zalda əyləşənlər isə hakimin bu göstərişinə etiraz əlaməti olaraq zalı tərk ediblər. Bu səbəbdən də məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb. 

Əvəz Zeynallı ötən il sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilib. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib. Rüşvət ittihamı “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. “Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur. 

Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. “Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.

 

Toplum TV