Məhkəmə sayt rəhbərini həbsdə saxlayıb

14 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayan"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab, vaxtından əvvəl azadlığa buraxılması üçün Qaradağ rayon məhkəməsinə müraciət etsə də, məhkəmə sayt rəhbərini həbsdə saxlayıb. Noyabrın 7 də baş tutan məhkəməyə sədrlik edən hakim Teymur Qasimov həbs müddətinin bitməsinə 10 aylıq bir müddət qalmasına baxmayaraq Mahir Xəttabı həbsdən azad etməyi məqbul bilməyib.

Xatırladaq ki, 2021-ci il sentyabrın 10-da Mahir Ələkbərov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihama görə, sayt rəhbəri Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" saytında platformasında və digər xəbər saytlarında yayıb. Sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün Ramiz Göyüşovla görüşə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Mahir Ələkbərov Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sonradan kassasiya şikayətinə baxılıb və iş 6 ay azaldılaraq 3 ilə endirilib.