Ayətullah Ərafi Azərbaycanda təhsil müəssisələrində hicab qadağasına etiraz edir

İranın İslam dini mədrəsələrinin rəhbəri Ayətullah Əli Rza Ərafi Azərbaycan Respublikasının təhsil müəssisələrində hicab taxılmasına qoyulan qadağa ilə bağlı bəyanatla çıxış edib.

Rəhman və Rəhim olan Allahın adı ilə!

Hicab və İslamın geyim qaydalarına riayət edilməsi, xüsusilə qadınların örtünməsi İslam tarixi boyunca şəriətin vacib hökmü, İslam həyat tərzinin ayrılmaz hissəsi və köklü dini ənənə kimi qəbul edilmişdir.

Şəriət hökmləri inzibati sərəncamlarla və insanlar tərəfindən müəyyən edilmiş qanunlarla ləğv edilə bilməz. Belə qərarlar müsəlmanları dini vəzifələrini yerinə yetirmək məsuliyyətindən azad etmir.

Bundan əlavə, İslam etiqadına görə, hicab müsəlman qadının imanının, iffətinin və dini mənsubiyyətinin ifadəsidir.

Hicab taxmaq mömin qadınların inancına və şüurlu seçiminə əsaslanır. Heç bir müsəlman dövləti qadınları və qızları şəriətin onlara verdiyi bu hüquqdan məhrum edə, onların təhsil almasına, müəllimlik fəaliyyətinə, elmi və ictimai həyata qatılmasına mane ola bilməz. Belə məhdudiyyətlər insan hüquqlarına və insan ləyaqətinə ziddir.

Uca Allah “Nur” surəsinin 31-ci ayəsində buyurur: Mömin qadınlara de ki, gözlərini haramdan çevirsinlər, iffətlərini qorusunlar, görünən hissələr istisna olmaqla, zinətlərini göstərməsinlər və baş örtüklərini yaxalarının üstünə salsınlar...

Bu mübarək ayəyə əsasən, qadınlar məhrəm olmayan kişilərin yanında başlarını və boyunlarını örtməli, İslami hicaba riayət etməlidirlər.

Heç kimin Qurani-Kərimin açıq hökmünü inzibati sərəncamlarla və ya insanlar tərəfindən müəyyən edilmiş qanunlarla ləğv etməyə haqqı yoxdur.

Azərbaycan Respublikasında hicabla bağlı vəziyyətə də eyni mövqedən yanaşmaq lazımdır. Son vaxtlar bu ölkənin hakimiyyət orqanları və bəzi dövlət qurumları Azərbaycanın əhalisinin böyük əksəriyyətinin İslam dininə etiqad etməsinə baxmayaraq, hörmətli müəllimələrə və məktəbli qızlara qarşı müəyyən məhdudiyyətlər tətbiq ediblər.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının rəhbərliyindən və məsul vəzifəli şəxslərindən ölkə xalqının, xüsusilə məktəbli qızların və qadın müəllimlərin dini tələblərinə hörmətlə yanaşmalarını gözləyirik.

Bu tələblər Qurani-Kərimə və Əhli-beyt (ə) məktəbinin təlimlərinə əsaslanır. Hakimiyyət xalqın dini etiqadının məhdudlaşdırılmasına və dini hökmlərin yerinə yetirilməsinə maneələr yaradılmasına yol verməməlidir.