Əlizamin Salayevin səhhəti ağırlaşıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Əlizamin Salayevin səhhəti ağırlaşıb. 

Operativtv.com Toplum TV -yə istinadən xəbər verir ki, bu barədə vəkil Nemət Kərimli iyunun 6-da onunla telefon danışığından sonra məlumat yayıb. 

"Əlizamin bəylə danışdım, ayaqları şişib, böyrəkləri işləmir, amma buna baxmayaraq, onu Müalicə Müəssisəsindən çıxardıblar. Bilirsiniz ki, onun aclığı dayandırandan sonra ciddi müalicəyə ehtiyacı var idi", - deyə vəkil bildirib.

Bundan əlavə, vəkil Əlizamin Salayevin həbsindən apellyasiya şikayəti verildiyini də qeyd edib. 

Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Salayevin sağlamlıq durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Xatırlatma

Əlizamin Salayev fevralın 7-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3 – cü maddəsilə (xuliqanlıq-silah və ya silah kimi istifadə olunan əşyaların tətbiqilə zərərçəkmişə qarşı güc tətbiqi) cinayət işi açılıb. Mayın 22-də Qaradağ Rayon Məhkəməsində keçirilən iclasda hakim Salayevi 4 il müddətinə azadlıqdan məhrum etmək barədə qərar çıxarıb. 

Salayev həbsini sifariş hesab edir və məhkəmənin qərarına etiraz olaraq 100 gündən çoxdur ki, aclıq aksiyası keçirirdi. 

ABŞ Dövlət Departamenti və ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan hakimiyyətinə Əlizamin Salayevi və digər siyasi məhbusları azad etməklə bağlı çağırış edib.