Lavrov: Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üçün lazım olan xəritələr Rusiyadadır

"Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub, indi tərəflər münasibətlərin tam normallaşması üçün növbəti əməli addımları atılmalıdır". 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda keçirilən “3+3” formatında görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

“Münaqişə böyük ölçüdə həll olunub. Hər iki tərəf Qarabağın Azərbaycana məxsus olması barədə razılığa gəlib, bu, əvvəl həllini tapmayan əsas problem idi. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşlərində öz əksini tapdığı kimi indi əlbəttə,  münasibətlərin tam normallaşdırılması, ilk növbədə sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və nəqliyyat-iqtisadi əlaqələrinin heç bir maneə olmadan qurulması üçün əməli addımlar atmaq qalır", - Lavrov açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, Brüssel və Vaşinqton Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinə sızmağa cəhd edir. 

Lavrov bildirib ki, son bir il ərzində Ermənistanla Azərbaycan arasındakı sərhədin delimitasiyası prosesinə ilk növbədə Avropa İttifaqından və müəyyən dərəcədə ABŞ-dan müdaxilə cəhdləri olub, onlar indi də davam edir. 

Bununla belə, Xİn başçısı məhz Moskvanın delimitasiya prosesində rol almaq istədiyini vurğulayıb. 

"Biz həm ermənilərin, həm də azərbaycanlıların faydalı hesab etdiyi hər hansı təmasların əleyhinə deyilik. Amma bütün ekspertlər yaxşı bilirlər ki, delimitasiyanı müzakirə etmək və razılaşdırmaq üçün lazım olan hər şey ilk növbədə də sovet dövründən qalan xəritələr Rusiya Federasiyasının əlindədir”, - deyə o açıqlamasında qeyd edib.