Kanadanı böyük yanğınlar qoynuna alıb

Kanadanın Alberta əyalətində cümə günü başlayan meşə yanğınları 110 fərqli nöqtədə davam edərkən, 36 nöqtədə yanğın nəzarətdən çıxıb. Mülki əhalinin təxliyə edildiyi Alberta əyalətində fövqəladə vəziyyət elan edilib.

Kanadanın Alberta əyalətində cümə günü başlayan meşə yanğınları davam edir. Yanğının 78 nöqtədən 110 müxtəlif nöqtəyə keçdiyi, nəzarətdən çıxan ərazilərin sayının isə 19-dan 36-ya yüksəldiyi açıqlanıb.

Alberta ştatındakı Foks gölündə baş verən yanğında 1458 hektar ərazi külə dönüb, 20-yə yaxın ev yanğında yararsız hala düşüb. Bölgədə yaşayan 3 min 600 insan evlərindən təxliyə edilib. Alberta ştatının Drayton Valley qəsəbəsində baş verən meşə yanğınında 1500 hektar ərazi külə qərq olub, indiyədək 7200 nəfər təxliyə edilib.

Alberta əyalətinin baş naziri Danielle Smith, görünməmiş şiddətli yanğınlar nəticəsində 24 mindən çox insanın evlərindən təxliyə edildiyini və əyalətdə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Bu ilin əvvəlindən bəri baş verən yanğınlarda 43 min hektar ərazinin külə çevrildiyini sözlərinə əlavə edən Smit, fövqəladə hallarda istifadə üçün 1,5 milyard Kanada dolları büdcə ayırdıqlarını açıqlayıb. O, komandaların bölgədən əlavə Kvebek və Ontario əyalətlərindən gəldiyini söyləyib.