İtkin düşən, əsir və girov götürülən azərbaycanlıların sayı açıqlandı

1988-1994-cü illər ərzində 3875 nəfər Azərbaycan vətəndaşı itkin düşmüşdür ki, onların da 67 nəfərini uşaqlar təşkil edir. Əsir və ya girov götürülməsi faktı tərəfimizdən müəyyənləşdirilmiş 871 nəfərin isə 29 nəfəri uşaqlar olublar.
Bu barədə bizimyol.info-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sorğusuna cavabda bildirilib.

“Qeyd etmək istərdik ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş bütün vətəndaşlarımızın axtarışı istiqamətində tədbirlər görülür. Bu məqsədlə, Xarici İşlər Nazirliyi vasitəsi ilə müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi bölgəsində əsir və girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq işçi qrupu (BİQ), Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq çərçivəsində iş aparılır. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən və qərargahı Niderland Krallığının Haaqa şəhərində yerləşən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə əməkdaşlıq məsələləri araşdırılır”,-deyə Dövlət Komissiyasından bildirilib.
Xatırladaq ki, 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin davamı olub. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatıb. İxtilafın nəticəsində 30.000 yaxın insan həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalıb.