İyulun 15-də, səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində bir nəfər Ermənistan vətəndaşının saxlanıldığı bildirilir.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, erməni tərəfinin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Lakin bu cəhdin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.
Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.
Ermənistan mətbuatında bu haqda məlumat yoxdur. Yalnız iyulun 14-də Azərbaycan tərəfinin 170 dəfə atəşkəsi pozduğu qeyd olunur.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.
Erməni tərəfinin kəşfiyyat-diversiya qrupunun üzvü əsir götürülüb - Müdafiə Nazirliyi
Oxşar xəbərlər