İsrailin baş naziri Benyamin Netanyahu oğlunu müharibəyə göndərib?

“Moizə” kanalının növbəti yalanı.

“Telegram”da fəaliyyət göstərən “Mouze” kanalının paylaşdığı məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu oğlunu Qəzza zolağında keçirilən hərbi əməliyyatlarda iştirak etmək üçün yola salıb.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Skrinşot “Mouze” kanalından götürülüb

Sözügedən iddia sosial medianın təkcə Azərbaycan dilli seqmentində yox, ingilis dilli seqmentində də geniş yayılıb. Məsələn, “X” sosial şəbəkəsində yayılan bu paylaşımı 600 mindən artıq şəxs izləyib.

Baxmayaraq ki, şəkil Benyamin Netanyahunun öz kiçik oğlu Avner Netanyahunu hərbi xidmətə göndərməsini əks etdirir, şəkil yeni deyil. Foto 2014-cü ildə çəkilib.

Şəkli Google-da axtarışa verdikdə Times of Israel tərəfindən 1 dekabr 2014-cü il tarixli xəbərdə istifadə edildiyi ortaya çıxır. Xəbərdə qeyd edilir ki, Avner Netanyahu İsrail Müdafiə Qüvvələrində Təl-Əvivin Sursat təpəsi adlanan hissəsində xidmət edəcək.

İsrailin daha bir media qurumu olan The Jerusalem Post da eyni şəkildən istifadə edərək həmin tarixdə xəbər hazırlayıb. Avner Netanyahu hərbi xidmətini 2017-ci ildə başa vurub.

Baş nazirin böyük oğlu Yair Netanyahu isə 2009-cu ildə hərbi xidmətə başlayıb.

Sözügedən iddia digər xarici faktyoxlama təşəbbüsləri tərəfindən də yoxlanılıb.

Beləliklə, aydın olur ki, İsrailin baş naziri Benyamin Netanyahunun oğlunu müharibəyə göndərməsi iddiası ilə paylaşılan şəkil yeni deyil və 2014-cü ilə aiddir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, xəbər saxtadır.