İsrail-Fələstin münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi açıqlanıb

Azərbaycan Yaxın Şərqdə hərbi əməliyyatların və eskalasiyanın dayandırılmasına çağırış edib.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 18-də Səudiyyə Ərəbistanı Krallığında İsrail-Fələstin münaqişə zonasında son hadisələrlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında çıxışında bəhs edib.

Azərbaycan Xarici İşlər Nazirliyi çıxışla bağlı məlumat yayıb.

“Münaqişə coğrafiyasının mümkün genişlənməsi ilə bağlı xəbərlərin narahatlıq doğurduğu, bu xüsusda mövcud vəziyyətin aradan qaldırılması məqsədilə sülh danışıqlarına təhdid törədən addımlara qarşı beynəlxalq ictimaiyyətin birgə səylərinin əhəmiyyəti qeyd olunub” - XİN-in məlumatında bildirilir.

Ceyhun Bayramov əlavə edib ki, Azərbaycan Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyir:

“Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib.”

Ceyhun Bayramov habelə deyib ki, Azərbaycan fələstinli qaçqınlara dəstək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar ayırıb.

Xatırlatma

Bu il oktyabrın 7-də "Həmas"ın hücumu ilə yenidən İsrail-Fələstin münaqişəsi gərginləşib. Tərflərdən bir neçə min ölənlər, yaralananlar var.

İsrail-Fələstin münaqişəsinin tarixi ötən əsrin ortalarına gedir. 1947-ci ildə BMT-də Fələstinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə, Qüds BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verildi. Bunu İsrail qəbul etsə də, bəzi ərəb ölkələri ona qarşı çıxdı. Nəticədə tərəflər arasında münaqişə yarandı.

Sonradan bəzi ərəb ölkələri də, BMT kimi, İsraili müstəqil dövlət kimi tanıyıblar. Fələstin isə hazırda BMT-də müşahidəçi statusuna malikdir.

Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət yanaşması əsasında sülh yolu ilə həllini dəstəkləyir.