İran Təbii Qaz Paylayıcı Mərkəzi yaradır

İranın neft naziri bəyan edib ki, Rusiya, Türkmənistan və Qətərin əməkdaşlığı ilə ölkənin cənubunda qazpaylama mərkəzi yaradılacaq.

Mehr Xəbər Agentliyinin xəbərinə görə, İranın neft naziri Cavad Ovci bu gün mətbuata verdiyi açıqlamada, “Dünyada ikinci ən böyük qaz ehtiyatına sahibik. Rusiya, Türkmənistan və Qətərin əməkdaşlığı ilə Aseluyedə qazpaylama mərkəzi yaratmağa çalışırıq. Bununla bağlı hazırlıq işləri görülür” deyib.

Ovci həmçinin bildirib ki, İran Türkmənistana olan təbii qaz borcunu tam ödəyib. Bu günlərdə nazir Ovci Türkmənistanla gündə 10 milyon kubmetr təbii qaz almağa dair müqavilə imzalayacağını açıqlamışdı. Ötən il Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısı çərçivəsində İran, Azərbaycan və Türkmənistan arasında təbii qaz sazişi imzalanıb.

Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə bir yarım-iki milyard kubmetr təbii qaz göndəriləcək.