İngiltərə Premyer Liqası: “Tottenhem” London derbisində inamlı qələbə qazanaraq zirvəyə yüksəlib

İngiltərə Premyer Liqasının 9-cu turunun son matçı London derbisi ilə yadda qalıb. “Tottenhem” öz meydanında “Fulhem”i qəbul edib.

“Report” xəbər verir ki, oyun “Tottenhem Hotspur Stedium”da baş tutub.

“Tottenhem” 36-cı dəqiqədə hesabı açıb: Rişarlisonun ötürməsindən sonra koreyalı Sun Hın-Min baxımlı qola imza atıb. Hər iki tərəfin səylərinə baxmayaraq, birinci yarıda vəziyyət dəyişməyib. İkinci hissədə də “Tottenhem” üstün olub. Belə ki, 54-cü dəqiqədə Ceyms Meddison komandasının ikinci qoluna imza atıb. Asiyalı hücumçu isə hesabına qolla yanaşı, məhsuldar ötürmə də əlavə edib.

Beləliklə, şimal və qərbi London təmsilçiləri arasında baş tutan London derbisindən “mahmızlar” qalib ayrılıb.

Qeyd edək ki, 9 oyundan sonra “Tottenhem” “Liverpul” (20), “Arsenal” (21) və “Mançester Siti”ni (21) arxada qoyaraq 23 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib. “Mahmızlar” çempionatın vahid lideridir. “Tottenhem”in növbəti oyunu səfərdə Londonun “Kristal Pelas” komandasına qarşı olacaq.

“Fulhem”in isə 11 xalı var. Komanda 13-cü pillədə qərarlaşıb. “Fulhem” növbəti turda səfərdə “Brayton”la qarşılaşacaq.