İlahiyyatçının ev dustaqlığı ilə bağlı məhkəmə keçirilib

Bu gün (12 oktyabr 2023-cü il) Sumqayıt Apellyasiya Məhkəməsində Maide.Az saytının redaktoru, ruhani Qədir Məmmədovun ev dustaqlığından imtina qərarından şikayətə baxılıb.
Bunu Maide.Az-a açıqlamasında vəkil Zibeydə Sadıqova deyib.
Vəkil Zibeydə Sadıqova bildirib ki, hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən məhkəmədə ruhani Qədir Məmmədov iştirak etmirdi. " Mən şikayətimi yenidən təkrarladım. Bildirdim ki, ruhani Qədir Məmmədov heç bir sənədə imza atmayıb və etiraf etmədiyi üçün şəxsi axtarış hal şahidlərinin iştirakı ilə keçirilib. Tutulanda evə xəbər verilməyib. Üstəlik, 5 azyaşlı özladı var və hazırda bütün yük tək həyat yoldaşının üzərinə düşür. Ruhani Q.Məmmədov ailəsinin yeganə gəlir gətirənidir və daimi yaşadığı evi var."
O qeyd edib ki, məhkəmədə çıxışımda bildirdim ki, həm də, sanksiyanın ağır olması o demək deyil ki, ruhani Qədir Məmmədov uzun müddətli həbsdə qalmalıdır. " İlk dəfədir ki, guya cinayətdə ittiham edilib və evinin qarşısından da uşağının gözü qabağında tutulub. Qaçıb gizlənməyib və polisə müqavimət göstərməyib
Xahiş etdim ki, şikayətimiz təmin edilsin. Abşeron rayon məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin və vəsatətimiz təmin edilsin. Məhkəmə şikayəti təmin etmədi."
Qeyd edək ki, sentyabrın 15-də Maide.az saytının redaktoru, ruhani Qədir Məmmədov saxta ittihamla - narkotika istifadəetmə (234.1-1) maddəsi ilə şərlənərək həbs edilib.
Ruhani Qədir Məmmədov ailəlidir və 5 azyaşlı övladı var.