Hərbi məhkəmə "Tərtər işi"nin qurbanlarına işgəncə verməkdə ittiham olunan digər dörd nəfərin barəsində hökm çıxarıb

İyunun 4-də Bakı Hərbi Məhkəməsində dörd hərbçinin-Ruslan Mikayılov, Kənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin işi üzrə proses başa çatıb. Tərtər, Ağdam və Beyləqan rayonlarında hərbi hissələrdə xidmət edən bu hərbçilər "Tərtər işi"nin qurbanlarına qarşı cinayət törətməkdə ittiham olunurdular.

Məhkəmə Ruslan Mikayılovu 6 il 10 ay, Sənan Maşıyevu 4 il 10 ay, Cabir Qəhrəmanovu 6 il 8 ay, Elçin Əliyevi 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokuror Ruslan Mikayılov və Sənan Maşıyevin 9 il 10 ay, Cabir Qəhrəmanovun 8 il 5 ay, Elçin Əliyevin isə 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Baş Prokurorluğun məlumatına görə, 2017-ci ilin may-iyun aylarında Azərbaycan Müdafiə Nazirliyinin bəzi hərbi qulluqçularının qanunazidd əməllərilə əlaqədar bir qrup hərbi qulluqçu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib.

"Rəsmi məlumata görə, 2017-ci ilin may-iyul aylarında 1-ci və 2-ci Ordu korpuslarının hərbi hissələrində 452 nəfər saxlanılıb, qeyri-insani rəftara və işgəncələrə məruz qalıb. Bizim hesablamalarımıza görə, söhbət 700 nəfərdən gedir. Mətbuatda daha böyük rəqəmlər açıqlanıb",- 23 dekabr 2023-cü il tarixli mətbuat konfransında hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib.

“Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən Rəşad Niftəliyev, Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov, Polad Əzizov, Elçin Əliyev və İntiqam Məmmədov Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib, həmçinin Polad Əzizov istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib”, - məlumatda deyilir. Mühakimə olunanların vəzifəsi açıqlanmır.

İstintaq zamanı ölən hərbi qulluqçuların yaxınları son illər çoxsaylı etiraz aksiyaları keçirərək obyektiv araşdırma aparılmasını, saxtakarların cəzalandırılmasını və günahsız yerə "casusluqda" mühakimə olunanların azad olunmasını tələb ediblər.

Hüquq müdafiəçiləri və müxalifətyönlü siyasi partiyalar hüquq-mühafizə orqanlarını və hökuməti Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun yüksək vəzifəli zabitləri tərəfindən yol verilən bu rüsvayçılığa və saxtakarlığa son qoymağa çağıran çoxsaylı bəyanatlar veriblər.

İctimai rəyin təzyiqi altında hakimiyyət "Tərtər işi"nə yenidən baxmağa və günahsız adamların  azadlıqdan məhrum edilməsini etiraf etməyə məcbur olub.

2021-ci ilin dekabrında Baş Prokurorluq "Tərtər işi" üzrə istintaqı bərpa edib və 20 nəfər məhkəmələr tərəfindən bəraət alıb (ikisi ölümündən sonra). Dövlətə xəyanatə görə mühakimə olunmayan 16 nəfər bəraət alıb. 2018-ci ildə daha 13 nəfər Hərbi Prokurorluğun qərarı ilə bəraət alıb.

Qanunsuz məhkumların əksəriyyətinin bəraət almasına baxmayaraq, 10 nəfər hələ də həbsdədir və hüquq müdafiəçiləri onların işlərinə yenidən baxılmasına nail olmağa çalışırlar.

İstintaq yenidən başlandıqdan sonra işgəncə verməkdə günahlandırılan bir qrup hərbçi həbs olunub.

Ötən ilin sonunda 10 nəfərdən ibarət  iki qrup hərbi qulluqçu 5,5 ildən 9,5 ilə qədər həbs cəzasına məhkum edilib. Onlardan ən yüksək rütbəlisi 9,5 il həbs müddəti alan general-mayor Bəkir Orucov idi. Lakin sonradan Apellyasiya Məhkəməsi həbs müddətini üç il azaldıb.

Zərəçəkənlər keçmiş korpus komandiri Hikmət Həsənov və Silahlı Qüvvələr Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıqov da daxil olmaqla, digər yüksək rütbəli generalların məsuliyyətə cəlb edilməsini tələb ediblər.

 

Turan.az