Hədəf İslamdır Milli kimlik güzgüsündə din 2-ci hissə

Bura qədər olduqca qısa, məhdud bir məqamlara toxunmaqla Azərbaycan deyilən məmləkətdə, ölkəmizdə dini anlayışın varlığını az da olsa aydınlatmağa çalışdıq. Bu məqamda olduqca həssas bir mövzu da sözssüz dəqiqləşmə tələb edir ki, İslam deyincə ölkədə hansı baxışın qəbul olunduğu görünsün.

Bilməyənlərin məzhəbsiz İslam adlandırdıqları din, əslində hansısa məzhəbin mütləq hökmləri çərçivəsindədir. Bu dinin çərçivəyə salınması anlamında deyil, əksinə dinin sərhədlərində onun əsaslarının qoruma mexanizmini müəyyən edir ki, hər gələn öz düşündüyü, doğru bildiyi milli məfkurəsini İslama daxil etməsin. Əgər belə bir kənar təsirlər baş verməli olsaydı 1500 ildən artıq bir zamanı əhatə edən İslamın həqiqətindən bu gün əsər belə qalmazdı.

Məzhəb dinin Quran və hədislər əsasında idarəçilik strukturudur. İslamın əvvəl dövrlərini əhatə edən hədisaraşdırıcı missiya sahiblərinin toplayıb təqdim etdikləri hədislər bu günün məzhəb sahibləri adlanan ziyalılarının hədis elmi dini məsələlər baxımından ortaya qoyduğu Quran və Məsum baxışlarının-Sünnənin təqdimatıdır. Məhz beş məzhəbin meydana gəldiyi məktəb bu gün İslamı hər növ kənar təsirlərdən qorumaqla işlək funksiyalarını həyata keçirir. Əgər din məzhəbdən ayrılarsa onun işlək forması dayanar və bu da onun məhv amili olar. Buna görə də İslam dinini məzhəbsiz təsəvür etmək olmaz.

Din beş məzhəb əsasında əsrləri arxada qoyaraq mütərəqqi inkişafa imza atıb. Bu məzhəblərdən 4-ü sünnü məzhəbi, 1-i şiə məzhəbidir. Qısa olaraq sünnü məzhəbləri Quran və sünnəyə əsaslanan dörd böyük sünnə alimlərini Həmbəli, Hənəfi, Şafei və Maliki olaraq tanındığı halda, Quran və Əhli-beyt (ə) davamçılığı olaraq qəbul edilən şiəlik Cəfəri məzhəbi kimi İslam dünyasında qəbul edilən beş məzhəbdən biridir. Hər bir ad öz banisinin ismini daşıdığından məzhəb də bu şəxslərin adı ilə tanınıb. Dünya İslam məktəbləri bu məzhəbləri həqiqi İslam əsasları olaraq qəbul edirlər.

Azərbaycan multikultral ölkə olaraq bir çox din və məzhəblərin yaşandığı məkan olsa da əsas etibarı ilə böyük faiz çoxluğu ilə ölkədə Cəfərilik məzhəbi üstünlük təşkil edir. Rəsmi rəqəmlər bunu 67 faiz civarında dəyərləndirsələr də, qeyri-rəsmi olaraq bu ölçünün 80 faiz üzərində olduğu da deyilir. Hər bir halı ilə Azərbaycanda əhali sayına görə şiəlik-cəfəri məzhəbinin əsas baxışı olaraq mövcud olan ölkələr sırasında liderlərdən biridir.

Tarixi keçmişlə bağlı bu məzhəbin hətta Səfəvi rəhbərliyinin təsirlərindən də öncə bu ərazilərdə şiəliyin olması yuxarıda qeyd edilən İmamiyyə hədisləri əsasında isbat olunub ki, bu tarixi bəhslər bizim mövzumuz deyil. Azərbaycan dünyada məzhəbi baxımından şiə əqidəsi-cəfəri məzhəbi olaraq əsas din daşıyıcısı sayılan ölkədir. Bu isə onun zamanla qərarlaşan baxışlarında bu amilin danılmaz rolunu söyləməyə əsas verir. Necə ki, 44 günlük müharibədə bunun nümunələri bir çox televiziya kanallarında qazilərin dillərində səslənirdi.

Müstəqilliyimizin bərpasından günümüzə qədər ölkənin inkişaf tendensiyası kimi məhz dinin inkişafı da təkmilləşdi. Buna təsir göstərən amillər daxili inanc və milli kimliyə çevrilən əqidə ilə həmahənglik bu gün şiəliyi yetərli və sabit bir müstəviyə gətirib. Hal-hazırda ölkədə elə bir sahə tapmaq olmaz ki, orada halal, pak, hicab, əxlaq, şəhid, dini adlar, ziyarətgahlar, məscid kompleksləri, müqəddəs kitab, dini bayramlar, islami kəsim, dini retuallar və sairlərin parlaq izləri olmasın. Bu siyahı o qədər genişdir ki, onun izahına bircə bunu söyləmək yetərli sayılar ki, Azərbaycanda İlahi qadağan olunmayan istisnasız hər bir sahədə islamın güclü təsirini görmək olar.

 

Ardı var...