Həddini aşmış özbaşnalıq

Mənəviyyat, nəfsin mücadilə fəthini özündə simvolizə edən Fitr bayramını geridə qoyduq. Dünyanın müsəlman xalqları, İslam ümməti mübarək ayın son ayini olaraq birlik və vəhdət nümunəsi bayram namazı üçün bir ünvana toplandı, ibadətlər icra edib dualar oxudu. Ayın görünmə trayektoriyasına müvafiq olaraq bayram iki müxtəlif günlərdə qeyd olundu.
Ölkəmiz də sadalananlardan kənar deyildi. Ayı görə bilməyən insanların bir ayı tam olaraq oruc tutması dinin əsrləri ötən qanunlarının tələblərinə müvafiqliyi nəzərə alınaraq Azərbaycan inanclısının böyük əksəriyyəti 30 günlük dini ayini icra etmiş oldu. Lakin görünür bütöv Ramazanı inanclısını narkotik ilə şərləyən, multikultralizm adı altında xalqını dinsizlik libasına bürüməyə çalışan hakimiyyət, ayın sonunda onun bayram namazı qılınmasına da eyni nifrət nümayiş etdirəcəkdi. Bir gün öncə müxtəlif məzhəb inanclılarına qucaq açan rejimin bir gün sonra şiə əqidə tərəfdarlarına sərt qadağa qoyması artıq illərdir ölkədə dini diskriminasiya təzahürünə növbəti nümunə idi. Təkfirçi əqidə daşıyıcılarına yaradılan geniş şəraitin əksi olaraq ölkə əhalisinin böyük əksəriyyətinin şiə əqidə tərəfdarları olan inanclılarını İslama qənim olan rejim bu dəfə də hədəfə aldı. Həddini aşanlar məscidlərin qapılarını bağlayıb heç bir müstəviyə sığmayan bayram namazlarının qılınmasına sərt müdaxilə etdilər. Hansı ki, öz qərarlarına görə iki gün elan edilən bayramın qeydi nə bir dini, nə də dünyəvi qanunları pozmadığı halda görünür varlığı anti-islam, anti-şiə rejimin rahatlığını pozurdu. Bütün sərhədlər hər ötən gün məhdudlaşan ölkə reallığında hakimiyyət xalqın maddi haqqlarını əlindən alaraq ona korrupsiya girdabında boğulan bir cəhənnəm yaratdığı halda, dini də bir neçə dinsizin əlində oyuncaq etmək üçün imkanlarını səfərbər edib. Bütün bunlar başı dumanlanmış, idarəçiyi itirilmiş bir sistemin son özbaşnalığıdır. Məstlikdən ayılın! Din sizin xəyali istəklərinizin təzahürü, illuziya dolu dünyanız deyil ki, onu istədiyiniz şəklə salasız. Ölkəni hərbi xuntaya çevirərək insanların bütün hüquqlarını zor gücünə, sərt təzyiq hesabına müvəqqəti məhdudlaşdırmaq sizdə onun dini varlığını da təsir altına almaq kimi xam xəyallar yaratmasın. Bu xəyala düşənlərə bir daha çağırış edib anti-islam addımlarını dayandırmağı, bu kimi iyrənc cinayətkar əməllərinə son verməyi onlardan tələb edirik. Xalqın qəzəbi ilə oynayanlar onun dini kimliyinə qarşı həssaslığı görünür lazımınca anlamırlar.

Hacı Tale Bağırzadə.