Fatimeyi Zəhra (s.ə) adına Zərgərpalan məscidi

Haqqında hədsiz dərəcədə məhdud məlumat olan Bakının mərkəzindəki Xanım Fatimeyi Zəhra (s.ə.) adına məscid. Yasamal rayonunda Çingiz Mustafayev küçəsi 90-da yerləşən və sahəsi 280 kvadratmetrdir olan bu məscid eyni anda 350 nəfər şəxsin ibadət edə biləcəyi məkandır. Mənbələrə əsasən məscid 1919-cu ildə Kərbəlayi Əli Əşrəf Ələsgəroğlu tərəfindən inşa edilib. Lakin məscid kimi fəaliyyəti çox qısa zaman olub. Sovetlərin məscidlərə qarşı reperessiyalarına məruz qalan Xanım Zəhra (s.ə.) məscidi bir ildən bir az artıq bir zamanda məhəllə camaatının ixtiyarında olur. Sonrakı dövrlərdə Allah evi müxtəlif formada istifadə olunur. Onun anbar, uşaq baxçası, hətta bir dövr evsiz insanların toplandığı məkan kimi tətbiq edilir. Sovetlərin süqutundan sonra məscidin taleyi heç də xoş olmur. Belə ki, fəaliyyətini digər məscidlərlə müqayisədə daha gec bərpa edən məscid təmir üçün çətinliklərlə üzləşir. Müxtəlif səpkili kiçik təmirlər uzun illərdən sonra bağlı qalan Allah evinin problemlərini tam olaraq aradan qaldırmır. Məhz vəhhabilərin məscidə təmir adı ilə yaxınlaşması da bu dövrə təsadüf edir. 2007-2008-ci illərdə məscidə təmir adı ilə yaxınlaşan vəhhabi əqidəsi daşıyıcıları o dövrdə Şəhidlər xiyabanındakı Şəhidlər Məscidində fəaliyyət göstərən Türkiyənin vəqf idarəsi ilə əlaqə qurmağa çalışırlar. Lakin onların niyyətinin qorxulu olduğunu anlayan vəqf idarəsi onlara müsbət cavab vermir. Bundan sonra Yasamal icra nümayəndəliyi və bələdiyyənin şifahi razılıqlarını müəyyən razılaşma ilə alan vəhhabilər məsciddə təmir işlərinə başlayır. Yeni tikili məscidin köhnə dörd divarından başqa hər tikilini dağıdır. Döşəməsindən tavanına qədər məscidin bütün digər tikililəri uçurulur. Daxildən məscidi iki mərtəbəli edən vəhhabilər hətta məscidin daxilindən hal-hazırda da mövcud olan minarəni ucaltmağa belə başlayırlar. Yerli sakinlərin çoxsaylı şikayəti məscidin mövcud durumunu gec də olsa mətbuata çıxara bilir. Bundan sonra  Yasamal icra hakimiyyəti və Mədəniyyət Turizm Nazirliyi bərpa-tikintini saxlayaraq məscidi möhürləyir. 2010-cu ildə məscid yeni icma qeydiyyata alınmaqla növbəti bərpa işlərinə başlayır. Bir ildən sonra, 2011-ci ildə Xanım Fatimeyi Zəhra (s.ə.) məscidi tam təmirli forması ilə inanclıların üzünə qapılarını açır. Təmirdən sonrakı məscid iki mərtəbədən ibarətdir. Kişilər üçün ibadət zalı birinci mərtəbədə, qadınlar üçün isə ikinci mərtəbədə yerləşir. Qadınların ibadət zalına giriş və qadınların dəstəmazxanası məscidin arxa tərəfindədir. Kişilərin dəstəmazxanası isə məscidin ön hissəsində giriş qapısının yanında yerləşir. İbadətgahda köhnə ölçüsünə müvafiq olaraq 350 nəfər ibadət edə bilər. İbadət evinin bir minarəsi və bir günbəzi var. Məscidin daxilində, günbəzin altında dairəvi formada “Ayət əl-Kürsi”, günbəzin pəncərələri arasında isə 14 məsumun adı yazılıb.  İbadət zalında mehrabın yuxarısına Təthir ayəsi (Əhli Beytin (s.ə) şəninə nazil olan ayələrdən biri) həkk olunub. Məscidin daxilində, divara İmam Hüseynin (ə.s) məzar üzərindən olan mərmər daş vurulub. Daşın üzərində ərəbcə “Ya Hüseyn” yazılıb. İbadətgahın üçpilləli taxta minbəri var.