Səudiyyədən yenilik: Bu şəxslərə Hacc vizası verilməyəcək

Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi Hacc ziyarətinə qatılacaq namizədlər üçün yeni sağlamlıq tələbləri müəyyən edib.

27 oktyabr tarixində keçirilən Nazirliklərarası Hacc və Ümrə Komitəsinin iclasında gündəmə gətirilən bu qərara əsasən, müəyyən edilmiş kriteriyalara cavab verməyən şəxslərə Hacc vizası verilməyəcək.

Hər il təxminən 2 milyon insanın ziyarət etdiyi müqəddəs torpaqlarda bu addım zəvvarların təhlükəsizliyi və tibbi xidmətlərin davamlılığı məqsədilə atılıb.

Yeni qaydalara görə, Hacca getmək istəyənlər Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş sağlamlıq şərtlərinə cavab verdiklərini təsdiqləyən rəsmi tibbi arayışı sistemə yükləməlidirlər. Bu sənədlər Hacc və Ümrə Nazirliyinin viza sisteminə daxil edildikdən sonra vizalar təsdiqlənəcək. Sağlamlıq arayışı təqdim etməyən və ya kriteriyalara uyğun olmayan namizədlərin müraciətləri sistem tərəfindən avtomatik olaraq rədd ediləcək.

Lakin…

Sağlamlıq vəziyyəti Hacca getməyə imkan verməyən şəxslərə isə alternativ təqdim olunacaq. Bu insanlar öz adlarından sağlam bir yaxınlarını vəkil olaraq Hacc ziyarətinə göndərə biləcəklər.