Nifrət, qərəz, yoxsa məlumatsızlıq?

“Yeni Avaz” saytında dərc olunmuş “Azərbaycanlılar dini ziyarət üçün hansı ölkələrə səfər ediblər?” başlıqlı yazını oxuyarkən, oradakı rəqəmlərin ya peşəkarlıq çatışmazlığı, ya da qərəz nəticəsində bu qədər təhrif olunmasına biganə qala bilmədim.

Saytda qeyd edilir ki, bu ilin yanvar–sentyabr ayları ərzində turizm məqsədilə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 1 min 244 nəfər olub. Lakin əgər bu məlumat turizm hesabatına əsaslanırsa, onu “dini ziyarət” kimi təqdim etmək ictimaiyyəti yanlış istiqamətə yönəltmək deməkdir. Hətta bu rəqəmlər sırf turizm statistikasına aid olsa belə, burada da ciddi uyğunsuzluq diqqətdən qaçmır.

Təsəvvür edin, təqdim olunan siyahıda göstərilir ki:
Səudiyyə Ərəbistanına – 11 145 nəfər,
Türkiyəyə – 4 281 nəfər,
Rusiyaya – 1 704 nəfər,
Birləşmiş Ərəb Əmirliklərinə – 1 610 nəfər,
İrana – 1 006 nəfər,
Gürcüstana – 306 nəfər,
Qazaxıstana – 164 nəfər,
İsrailə – 141 nəfər,
İraqa isə cəmi 113 nəfər səfər edib.
(Məlumat “Yeni Avaz” saytına məxsusdur.)

Görünür, sayt məhdud mənbələrdən alınmış statistikaya əsaslanıb. Halbuki təkcə Naxçıvandan bir təyyarə ilə Ərbəin mərasimi üçün İraqa gedib qayıdan ziyarətçilərin sayı bu rəqəmdən dəfələrlə çoxdur.

Belə təhriflər, təəssüf ki, Kərbəla və İmam Hüseyn (ə) ziyarətinə gedənlərin sayını görmək istəməyən bəzi media qurumlarında tez-tez müşahidə olunur. Siyahıda elə ölkələr də yer alır ki, oradakı “ziyarət” anlayışı dini inancla heç bir əlaqəsi olmayan turistik obyektlərdən ibarətdir.

Minlərlə azərbaycanlı isə hər cür çətinliyə baxmayaraq, Əhli-beyt (ə) məhəbbətinə sadiq qalaraq Kərbəlaya səfər edir. Bu həqiqəti görməməzliyə vurmaq, rəqəmləri bilərəkdən və ya bilməyərəkdən kiçiltmək, ən azı, gerçəkliyə göz yummaq deməkdir.

Azərbaycan xalqı dərin inanca malikdir. Onun dini dünyagörüşündə Əhli-beytin (ə) mövqeyi hər kəsə bəllidir. Din və Əhli-beyt (ə) sevgisi xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz parçasına çevrilib və bu dəyər dünəndən bu günə, bu gündən isə sabaha pak qəlblərdə yaşamağa davam edəcək. Buna heç kəsin şübhəsi olmasın.