Tramp Nyu-Yorku maliyyə vəsaitini kəsməklə hədələdi

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda mer seçkiləri ərəfəsində şəhərə qarşı xəbərdarlıq edib ki, əgər onun rəqibi olan namizəd seçilərsə, Nyu-Yorka ayrılan federal büdcə vəsaitinin təmin olunması çətinləşəcək.

Tramp CBS telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibədə namizəd Zohran Mamdanini “kommunist” adlandırıb və deyib:

“Prezident kimi mənim üçün Nyu-Yorka çox pul vermək çətin olacaq, çünki əgər şəhəri bir kommunist idarə edirsə, o pullar sadəcə israf olunur.”

Tramp əlavə edib ki, bu il şəhərə ayrılmış 7,4 milyard dollarlıq büdcə Zohran Mamdaninin qələbəsi halında “hədər gedəcək”.

Nyu-York Donald Trampın doğma şəhəridir. Son sorğular göstərir ki, Zohran Mamdaninin bu şəhərdə keçiriləcək seçkilərdə rəqibi Endrü Kuomo üzərində qalib gəlmək ehtimalı daha yüksəkdir.

34 yaşlı Zohran Mamdani, Kuinsdən ştat nümayəndəsi olaraq tanınır və “demokratik sosialist” kimi tanınır, Mamdani ona yönələn kommunizm ittihamlarını rədd edib.

O, NBC News-a verdiyi müsahibədə özünü “Trampın kabusu” adlandıraraq deyib:

“Trampın prezidentliyinə cavab, onun bənzərini şəhər bələdiyyəsində yaratmaq deyil, şəhərin bütün sakinlərinin ləyaqətinə hörmət edən bir alternativ qurmaqdır.”

Demokratların ilkin seçkilərində qalib gəlmiş Zohran Mamdani əsas diqqətini uyğun qiymətli mənzil, pulsuz ictimai nəqliyyat və uşaq baxımı kimi məsələlərə yönəldib.

Kuomo isə müstəqil namizəd kimi yarışır, özünü Trampa qarşı mübarizə apara biləcək “yeganə təcrübəli namizəd” kimi təqdim edir və COVID-19 pandemiyası dövründəki qubernatorluq fəaliyyətinə istinad edir.

Trampın bu açıqlamaları, onun administrasiyasının daha əvvəl də demokratların nəzarətində olan şəhərlərin federal büdcəsini azaltmaq təcrübəsinə malik olduğu bir vaxtda səslənib.