“STAR” zavodu sanksiyalardan sonra Rusiyadan neft alışını azaldıb

Türkiyənin ən iri neft emalı zavodları Qərbin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra Rusiya neftinin əvəzinə digər ölkələrdən neft almağa başlayıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin mənbələrinin bildirdiyinə görə, Azərbaycanın SOCAR şirkətinə məxsus “SOCAR Turkey Aegean Refinery” (“STAR”) zavodu dekabr ayı üçün İraq, Qazaxıstan və digər ölkələrdən dörd partiya xam neft alıb. “Reuters”in hesablamalarına əsasən, bu tədarüklərin həcmi gündəlik 77–129 min barel arasında olacaq.
Məlumata görə, alınan partiyalardan biri Qazaxıstanın “KEBCO” markalı neftidir ki, bu da Rusiyanın “Urals” markalı neftinə keyfiyyətcə bənzəyir. “STAR” zavodu bu il yalnız bir dəfə “KEBCO” alışı həyata keçirib, 2024-cü ildə isə ümumiyyətlə bu markadan neft almamışdı.
Digər böyük türk neft emalı şirkəti “Tupras” da İraq və digər mənbələrdən “Urals”a bənzər neft alımlarını artırıb. Şirkətin iki böyük zavodu var və “Reuters”in məlumatına görə, onlardan biri yaxın vaxtlarda Rusiya neftindən tamamilə imtina edə bilər. Bu addım Avropaya yanacaq ixracını qorumaq məqsədi daşıyır. Bununla belə, “Tupras”ın digər zavodunda Rusiya mənşəli neftin emalının davam edəcəyi gözlənilir.
Analitik şirkət “Kpler”in məlumatına görə, 2025-ci ilin yanvar–oktyabr aylarında Türkiyə gündəlik orta hesabla 669 min barel xam neft idxal edib. Bunun 317 min bareli, yəni 47 faizi Rusiyadan gətirilib.
Oktyabrın sonunda ABŞ “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Avropa İttifaqı da eyni vaxtda Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyərək “Rosneft” və “Qazpromneft”lə hər cür ticarəti qadağan edib.
Yeni məhdudiyyətlərdən sonra Hindistanın bəzi neft emalı zavodları da Rusiya nefti üçün yeni sifarişləri dayandırmışdı. Lakin sonradan ölkənin ən iri şirkəti “Indian Oil Corp” sanksiyalara daxil olmayan təchizatçılardan Rusiya nefti alımlarını bərpa edib.
ABŞ prezidenti Donald Tramp sanksiyalar tətbiq edilməzdən əvvəl belə, Türkiyəyə Rusiyadan enerji resursları alımını dayandırmağı tövsiyə etmişdi. Ankara isə bunun dövlət qərarı deyil, özəl neft emalı şirkətlərinin seçimi olduğunu bildirmişdi.