Oğlunun acınacaqlı vəziyyətinə ana fəryad etdi

Günlərdir haqsız yerə karserə salınan Elvin Zeynalovun anası Təranə Zeynalova oğlunun yaşadığı işgəncələr barədə danışıb. Ana onun fiziki və psixoloji təzyiq altında saxlanıldığını, bu təzyiqlərin Elvini intihara sürüklədiyini bildirib.

“Elvin əsəb xəstəsidir və uzun müddət müalicə alıb. Mən bu barədə oğlum təcridxanada olarkən müəssisə rəhbərliyinə məlumat vermişdim. 10-cu zon köçürüləndən sonra da rəhbərliyə onun səhhətindən danışdım. Lakin 10-cu zon rəhbərliyi hələ ilk gündən Elvini ‘krıtaya’ (qapalı ciddi rejimli həbsxanaya) göndərəcəyini bildirmişdi. Karantin müddəti başa çatdıqdan sonra isə onu guya daxili qaydaları pozduğuna görə karserə saldılar. Məqsəd açıq zona buraxmadan Elvini ciddi rejimli həbsxanaya köçürməkdir,” – deyə ana bildirib.

Zeynalov Elvin Mübariz oğlu Müsəlman Birliyi Hərəkatının (MBH) üzvüdür. Ölkədə inanclı şəxslərə qarşı repressiv həbslər fonunda o, 31 yanvar 2025-ci ildə saxlanılıb. Ona qarşı saxta narkotik ittihamı irəli sürülüb və 6 iyun 2025-ci ildə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Cəza hökmündən sonra Elvin Zeynalov 1 saylı istintaq təcridxanasından Umbakıya gətirilib. Burada qısa müddət saxlanıldıqdan sonra 15 sentyabrda 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Karantin dövrü 4 oktyabrda başa çatmasına baxmayaraq, müəssisə rəhbərliyi guya rejim qaydalarını pozduğu bəhanəsi ilə ona dəfələrlə karser cəzası verib.

Hazırda 10 saylı müəssisədə qapalı otaqda saxlanılan Elvinin yaxın günlərdə məhkəmə qarşısına çıxarılması gözlənilir. Bu məhkəmə iclasında onun ciddi-qapalı rejimə köçürülməsi məsələsinə baxılacağı bildirilir.

“Son görüşümüzdə Elvinin siması solğun, rəngi ağarmışdı. Əsəb xəstəsinin qapalı şəraitdə hansı vəziyyətə düşə biləcəyini təsəvvür etmək çətin deyil. O, həkim müayinəsi və dərman qəbuluna icazə istəsə də, rəhbərlik bu tələbləri rədd edib. Telefon zəngləri də karser bəhanəsi ilə tamamilə dayandırılıb. Yalnız mənim çoxsaylı zənglərim və ‘qaynar xətt’ə etdiyim şikayətlərdən sonra 15 gündə bir dəfə qısa telefon danışığına icazə verilib. Bu vəziyyət oğlumu son dərəcə gərgin hala salıb,” – deyə ana bildirib.

Təranə Zeynalova qeyd edib ki, o, məsələ ilə bağlı Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə yazılı müraciət etməyə hazırlaşır. Ana oğlunun işgəncəyə məruz qalaraq ölümə təhrik edilməsinə biganə qalmayacağını vurğulayıb.