Dünyada cümə namazından sonra onlarca ölkə Fələstinə dəstək nümayişləri keçirdi

İsrailin blokada altında olan Qəzzaya hücumları davam edərkən, Yaxın Şərqdən Asiyaya, Avropadan ABŞ-a qədər yüz minlərlə insan cümə namazından sonra "Fələstinlə həmrəylik" və "İsrailə etiraz" nümayişləri keçirib. Digər tərəfdən ABŞ, Fransa və bəzi digər ölkələrdəki yəhudi icmaları da “İsrailə dəstək” aksiyaları keçirdilər.

Oktyabrın 7-də HƏMAS-ın həyata keçirdiyi silahlı hücumda həyatını itirən israillilərin sayı 1400-ə çatdığı halda, İsrailin başlatdığı hücumlarda indiyədək həyatını itirən fələstinlilərin sayı 4 mini keçib. Qəzza mərkəzli Səhiyyə Nazirliyi bildirib ki, Əksəriyyəti uşaq və qadın olan 4 min 137 fələstinli həyatını itirib.O, 13 min insanın yaralandığını və minə yaxın insanın hələ də vurulan binaların dağıntıları altında qaldığına inanıldığını bildirib.

İsrail ordusunun vəhşiliyinə etirazlar dünyanın müxtəlif ölkələrində hiddətlə özünü nümayiş etdirib:

 

İndoneziya

Dünyanın ən böyük müsəlman icmasına ev sahibliyi edən Asiya ölkəsi İndoneziyada cümə namazından sonra bir çox şəhərlərdə nümayişlər keçirilib. Əllərində Fələstin bayraqları olan indoneziyalılar Vaşinqtonun İsrailə dəstəyinə ABŞ-a reaksiya verib. Paytaxt Cakartada nümayişçilərdən bəziləri ABŞ səfirliyinə, bəziləri isə BMT binası qarşısına keçib. Aksiyalar zamanı İsrailin baş naziri Binyamin Netanyahunun fotosunun üzərinə “Terrorçu Netanyahu” yazılmış plakatlar daşınıb.

 

İraq

İraqın müxtəlif şəhərlərində Fələstinə dəstək nümayişləri keçirilib. Əllərində Fələstin bayraqları daşıyan iraqlılar ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.

 

Cənubi Koreya

Cənubi Koreyanın paytaxtı Seulda toplaşan bir qrup insan İsrail əleyhinə pankartlar açıb. Etirazçılar “Azad Fələstinə” şüarları səsləndirib, “Biz Qəzzanın yanındayıq” və “İsrail qırğınını dayandırın” yazılı plakatlar qaldırıblar.

 

Türkiyə

Türkiyədə cümə namazından sonra məscidlərin qarşısına toplaşan izdiham İsrail əleyhinə şüarlar səsləndirib. Bəzi şəhərlərdə İsrailin Qəzzaya hücumlarında həyatını itirənlər üçün qiyabi cənazə namazı qılınıb.

 

İsveçrə

İsveçrənin Lozanna şəhərində Fələstinə dəstək aksiyası keçirilib. İsrailin Qəzzaya hücumlarına etiraz edilib. Nümayişçilər əllərində Fələstin və digər ölkələrin bayraqları və Qəzzaya hücumları pisləyən plakatlar qaldırıblar.

 

Misir

Misirin Qəzza ilə həmsərhəd olan müxtəlif şəhərlərində İsrail əleyhinə etirazlar keçirilib. Minlərlə insanın qatıldığı etirazlarda Qəzzaya hücumların dayandırılmasını tələb ediblər. Qahirənin mərkəzindəki Təhrir meydanına toplaşan on minlərlə misirli Qəzzaya humanitar yardımların tez bir zamanda göndərilməsi üçün səylərin artırılmasını tələb edib. İzdiham ABŞ və İsrail əleyhinə şüarlar səsləndirib.

 

İran

İsrailin Qəzzaya hücumlarına ən sərt reaksiya verən ölkələrdən biri olan İranın bir çox şəhərində nümayişlər keçirilib. On minlərlə insanın iştirak etdiyi etirazlarda İsrail və ABŞ əleyhinə şüarlar səsləndirilib. Etirazlarda ABŞ və İsrail bayraqları yandırılıb.

 

Filippin

Asiya ölkələrindən biri olan Filippində cümə namazından sonra toplaşan izdiham Fələstinlə həmrəylik nümayişləri təşkil edib. Filippinlilər şam yandıraraq, İsraildən müharibəni tez bir zamanda dayandırmağı və mülki vətəndaşlara təhlükəsiz keçid təmin etməyi tələb ediblər.

 

Pakistan

Ölkə boyu on minlərlə insan Pakistanın bir çox şəhərində Fələstinə dəstək nümayişləri keçirib. Pakistanlı fəallar anti-İsrail, anti-ABŞ və anti-Qərb şüarları səsləndirərək, BMT-nin fəaliyyət göstərmədiyini və Qərbin yalnız İsrailyönlü bəyanatlar verdiyini bildiriblər.

 

Malayziya

Əllərində Fələstin bayraqları tutan minlərlə insan paytaxt Kuala Lumpurda cümə namazından sonra ABŞ səfirliyi qarşısında yürüş keçirib.

 

Qatar

Qətərdə minlərlə insan cümə namazından sonra İsrailin Qəzzaya hücumlarına etiraz edib. Əllərində Fələstin bayraqları tutan qətərlilər mülki ölümlərin dərhal dayandırılmasını tələb ediblər.

 

Tunis

Şimali Afrika ölkələri Tunis, Mərakeş və Əlcəzairdə cümə namazından sonra on minlərlə insan İsrailin Qəzzaya hücumlarına etiraz edib.

 

Avropa

Almaniya və Fransada Fələstin tərəfdarı nümayişlər tamamilə qadağan olunsa da, Avropanın bir çox başqa şəhərlərində Fələstinə dəstək nümayişləri keçirilib. Etirazlarda minlərlə insan iştirak edib.