Ədalətsiz olaraq ömürlük həbsə məhkum olunanların problemi kompleks həllini tapmalıdır

Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var, onlar hamısı qapalı tipli Qobustan həbsxanasında saxlanılır. Onlardan biri – həmin vaxt Qobustanda saxlanılan Şəmsi Səmədzadə 2017-ci ildə Turan-a bildirib ki, ömürlük məhbusların 5%-i ümumiyyətlə təqsirsizdir, təsadüfi hadisələrə görə yatırlar, onlar həmin hadisələrdə istəmədən iştirak ediblər, yaxud da əsl cinayətkarın təqsirini gizlətmək üçün həbs ediliblər. “Onlar təcili olaraq azadlığa buraxılmalıdır. Ömürlük məhbusların 15%-i həqiqətən təqsirlidir, adam öldürüblər, amma qəlbən cinayətkar deyillər. Qəzəb, qısqanclıq, dava anında, təhqirə dözməyərək öldürüblər. Onlar üçün ömürlük cəza konkret müddətlə əvəz edilməli və həbsxanada keçirdikləri vaxt nəzərə alınaraq azad edilməlidirlər. Qalan 80% manyaklardır, onların normal insanlar arasında yeri yoxdur. Belələrini sərbəst buraxmaq olmaz”, deyə Ş.Səmədzadə bildirirdi.

2017-ci ilin fevralında DİN generalı Zakir Nəsirov azadlığa çıxıb. 11 il həbs cəzası çəkdikdən sonra onun ömürlük cəzası 15 il ilə əvəz edilib, o, cəzasının 2/3-ni çəkdiyinə görə azad edilib. Elə həmin il iki ömürlük məhbusun cəza müddəti məhkəmə qaydasında azaldılıb.

Şəmsi Səmədzadə 2022-ci ilin mayında prezident amnistiyası ilə azad edilib.

2022-ci ilin oktyabrında birlikdə yaşadığı qadını və onun qohumunu zəhərləmək ittihamı ilə ömürlük həbsə məhkum edilmiş Aydın Qəhrəmanov barəsində cinayət işinə yenidən baxılıb. O, dəfələrlə məhkəməyə müraciət edib, cinayət törətmədiyini bildirib. Ali Məhkəmə məhkumun şikayətini əsaslı hesab edib və cinayət işini yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb. Məhkəmə kollegiyası Qəhrəmanovun təqsirsiz olduğu qənaətinə gəlib. O, 9 il sonra – 62 yaşında məhkəmə zalından azadlığa çıxıb.

İki dəfə adam öldürmək ittihamı ilə ömürlük həbsə məhkum edilmiş, özünü təqsirli bilməyən şair Sergey Strelyayev Turan-a müraciət edib. O, 2002-ci ildən Qobustan həbsxanasındadır. Azərbaycan dilini bilməyən Strelyayevi məhkəmədə tərcüməçi ilə təmin etməyiblər, işdə onun istintaq zamanı döyülməsi haqqında tibbi arayış var, bu da Sergeyi etirafedici ifadəni imzalamağa məcbur edib. İstintaqın təyin etdiyi ekspertizalar keçirilməyib, dəlillər saxtalaşdırılıb, təqsirsizlik dəlillərinin bir hissəsi məhv edilib. İstintaq əsl cinayətkarı axtarmaq istəməyib və təqsiri gənc Sergeyin üzərinə atıb. 2005-2006-cı illərdə isə müstəntiq Sahib Məmmədyarov yol verdiyi pozuntulara görə vəzifədən azad edilib, deyə məhbus Turan-a bildirib. Bütün bunlar Strelyayevin işinə yenidən baxılması üçün kifayət edir.

2002-ci ildə Strelyayev hüquqi savadsızlığı səbəbindən apellyasiya şikayəti verməyə gecikib, buna görə Azərbaycan Ali Məhkəməsi və Strasburq İnsan Hüquqları Məhkəməsi kassasiya müddətini uzatmaqdan imtina ediblər və hökmü dəyişikliksiz saxlayıblar, deyə Strelyayevin vəkili Tərlan Xanəliyev Turan-a bildirib.

Qapalı həbsxanada 20 illik həyatı ərzində Sergey Strelyayev 8 şeir məcmusu yazıb, onlar anası Annanın səyləri ilə Bakıda nəşr olunub. Həbsxana rəhbərliyi və Ədliyyə Nazirliyi Sergeyi nümunəvi məhbus hesab edir, onun haqqında yaxşı fikirdədirlər. Bu, Strelyayevə prezidentdən əvf almaq şansı verir, vəkil belə hesab edir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Qobustan həbsxanasında saxlanılanlar qanunun bu bəndini ədalətsiz hesab edirlər. Onlar dəfələrlə ömürlük həbs cəzalarının 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini tələb ediblər. Öz tələblərini 2000-ci ildə Azərbaycanın yeni Cinayət Məcəlləsinin qəbul edilməsi və onların işinə yeni normalara uyğun olaraq təkrar baxılması zərurəti ilə izah edirlər.

Prezidentin 10 fevral 2017-ci il tarixində imzalanmış “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamından sonra ömürlük məhbusların işlərinə yenidən baxılacağına ümid yaranıb.

Sergey Strelyayev, təqsirli və təqsirsiz olan bir çox digər ömürlük məhbus qapalı həbsxananın ağır şərtlərində 20 il və daha çox vaxt keçiriblər. Onlarla birlikdə ailə üzvləri də ağır cəza çəkirlər. Qobustan həbsxanasının qapısı ağzında hər gün bəzən ölkənin digər başından gətirdikləri ərzaq bağlamalarının ağırlığı altında beli bükülən məhbusların həyat yoldaşlarını, analarını, yaşlı atalarını görmək olar. Onlar arasında yaşlı mühəndis Anna Strelyayeva da var. Onların, eləcə də yüksək həbsxana divarları arasında qalan vətəndaşların bir hissəsinin heç bir günahı yoxdur.

Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi onların işlərinə yenidən baxılmasının və taleyinin yüngülləşdirilməsinin tərəfdarıdır. Komitənin Birinci Qarabağ müharibəsinin iştirakçılarının adlarını ehtiva edən müraciəti ölkə prezidentinə göndərilib. Müraciətdə müharibə iştirakçıları Şəfa Poladov, Arif Kazımov, Elçin Əmiraslanov və başqalarının, habelə cəmiyyətdə “Qarabağ partizanları” kimi tanınan Məmməd Məmmədov (20 ildir həbsdədir) və digərlərinin 26 ildir həbsdə olduğu qeyd edilir. Məhbus Əli Quliyev və digərləri 31 ilə yaxındır həbsdədirlər. Cəzaları törətdikləri cinayətlər üçün həddindən artıq ağır olan 21 nəfərdən çox məhbusun adı sadalanır. Bu insanların əksəriyyəti güllələnməyə məhkum edilib, amma 1998-ci ildə bu hökm ömürlük həbslə əvəz edilib. Komitə bu qərarı qanunsuz hesab edir, belə ki, qanun güllələnməni 15 illik həbslə əvəz etməyə imkan verirdi.