Çin prezidenti rəsmi səfərlə Moskvadadır

Çin prezidenti Şi Tsinpin bazar ertəsi Rusiya lideri Vladimir Putinlə görüşmək və Ukraynadakı müharibə \ni müzakirə etmək və sülh planını təqdim etmək üçün Moskvaya üç günlük rəsmi səfərinə başlayıb. Məlumatı Operativtv.com Amerikanın Səsinə istinadən verir. 

Çin 2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün nəzərdə tutulmuş 12 bəndlik planını keçən ay təqdim edib.

Bazar ertəsi Rusiya hökuməti tərəfindən nəşr olunan gündəlik "Rossiiskaya qazeta"da ingilis dilindən tərcümə olunmuş məqalədə Şinin Çinin təklifinin "dünyanın fikir birliyini mümkün olduğu qədər" geniş ifadə etdiyini dediyi bidirilib.

"Sənəd böhranın nəticələrinin neytrallaşdırılmasında və siyasi nizamlanmanın təşviqində konstruktiv amil rolunu oynayır. Mürəkkəb problemlərin sadə həlli yolları olmur" - deyə, Şi bildirib.

Associated Press agentliyinin məlumatına görə, bazar ertəsi Putin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin “People's Daily” qəzetinə “Ukraynada baş verən hadisələrlə bağlı balanslaşdırılmış xəttə, onların mənşəyini və əsl səbəblərini dərk etdiyinə görə (Çinə) minnətdarıq” deyib.

“Biz Çinin böhranın həllində konstruktiv rol oynamaq istəyini alqışlayırıq,” Putin bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi cümə günü Amerikanın Səsinə deyib:

“Biz bilirik ki, Çin və Rusiya münasibətlərini müxtəlif yollarla yaxşılaşdırır və genişləndirir. Bunu hər iki tərəf edir. Bizi narahat edən odur ki, prezident Şi [Ukrayna] prezidenti [Volodimir] Zelenski ilə danışmayıb və biz onun da bunu etməsinin vacib olduğuna inanırıq. O, bu müharibəyə təkcə Rusiyanın deyil, prezident Zelenskinin baxışını da öyrənməlidir.”

“Əgər bu görüşdən sonra hər hansı atəşkəs çağırışı olsa, biz narahat olarıq. Çünki hazırda atəşkəs yaxşı səslənsə də, əslində bu, Rusiyanın yerdəki uğurlarını təsdiq edər. Bu, hazırda Rusiyanın Ukrayna ərazisində qeyri-qanuni olduğunu etiraf etmədən atəşkəsin əldə edilməsinə xidmət edir,” Kirbi Pekinin təklif etdiyi sülh planı haqqında deyib.

Milli İctimai Radionun bildirdiyinə görə, Kremlin sözçüsü Dmitri Peskov iki liderin bazar ertəsi görüşəcəyini, müzakirələrin böyük hissəsinin çərşənbə axşamı keçiriləcəyini deyib. Onun sözlərinə görə, Şi və Putinin çərşənbə axşamı jurnalistlər qarşısına çıxacağı gözlənilir.