Cəbhəçi məhbuslarla görüşə icazə verilmir

May ayında həbs olunan və barələrində eyni ittiham üzrə cinayət işi açılan AXCP üzvləri ilə bir aydan artıqdır görüşə icazə verilmir. Məlum olduğu kimi, may ayının 25-də AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi İdarə Heyətinin üzvü Ruslan Nəsirov və Ali Məclisin üzvü Babək Həsənov (onlardan əvvəl də eyni ittiham üzrə AXC hakimiyyəti dövründə icra başçısı olmuş Saleh Rüstəmli və onun qohumu, sahibkar Vidadi Rüstəmli) həbs edilərək, Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri üzrə barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmədən sonra Kürdəxanı İstintaq Təcridxanasına göndərilən cəbhəçilərlə indiyə qədər ailələri ilə görüşə icazə verilmir. Bundan başqa, onların ailələri ilə telefon əlaqəsi saxlamasına və vəkillərlə görüşünə də ciddi məhdudiyyət qoyulub.

Dünən oğlu Ruslanla görüşmək ümidi ilə Kürdəxanıya yollanan anası Məleykə Nəsirovaya yenə görüş verilməyib. Ana deyir ki, bu qanunsuzluqla bağlı 4 dəfə prokurorluğa ərizə ilə müraciət ediblər, amma hələ ki, nəticəsi yoxdur. M.Nəsirova bildirir ki, bu qədər süründürməçiliyə baxmayaraq, görüş almaq hüquqları üçün çalışmalarını davam etdirəcəklər.

Xatırladaq ki, eyni qadağa bu ittiham üzrə həbs olunan cəbhəçilərin hamısına tətbiq edilir. Ailələr bu addımı ciddi qanunsuzluq hesab edərək, ictimaiyyətdən və beynəlxalq qurumlardan dəstək istəyirlər.

azadliq.info