Bəxtiyar Hacıyev məhkəmə önünə çıxarılır

Mürəkkəblik, ya da müstəsna mürəkkəblik olmadan dəfələrlə uzadılan ibtidai istintaq yekunlaşdırıldı.
3 mərhələdə yeni-yeni ittihamlar elan edildi-son 1 ildə.
Sözsüz, tamamilə saxta səbəb və əsaslar üzrə başlanmış cinayət işinin materialları, ittiham aktı qrammatik və orfoqrafik səhvlərinədək ittiham hökmünə köçürüləcək.
Heç şəksiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri yüksək siyasi iradəyə tabe olub, hüquqazidd ittiham hökmü çıxaracaqlar, Bəxtiyarı cəza evinə göndərəcəklər.
12 ilədək azadlıqdan məhrumetmə gözləyir.
Dövlətin bütün informasiya, texniki, inzibati resursları səfərbər edildi ki, Bəxtiyarın ictimai rəydə diskreditasiyasına nail olunsun, müdafiə işini zədələsinlər.
Dövlət başçısı İlham Əliyev, daxili işlər naziri Vilayət Eyvazov və tabeliyindəki vəzifəli şəxslər şəxsi həyat toxunulmazlığının pozulmasına rəvac verib, vətəndaş cəmiyyətinin işıqlı və perspektivli simalarından birini, bəlkə də birincisini, bu ölkə və toplumçün böyük faydalar verə biləcək ictimai fəalı ustalıqla ictimai mühakimənin ixtiyarına verdilər.
Linç məhkəməsi quruldu.
Təcrübə göstərdi ki, hakim siyasəti tənqid edən əksər çevrələr də repressiv aparatın “qara piar” kampaniyasının komponentinə çevrildilər-bilərəkdən, ya da bilməyərəkdən.
Şərləmə, qurama ittihamlar, işgəncələrin qadağan olunması, qanunsuz cəzalandırılmamaq, şəxsi və ailə həyatına hörmət, azadlıq və toxunulmazlıq hüquqlarının kobud şəkildə pozulması qaldı bir kənarda, fərdi məlumatlar, özəl həyat, yazışmalar və s. ictimai müzakirələrin predmeti oldu.
Bu mənada Bəxtiyara nifrət edən, onun tamamilə sıradan çıxarılmasında maraqlı olan dövlət başçısının, nazirin əmrinə müntəzir dairələri bəri başdan “təbrik edirəm-yarıtdınız”.
Lakin həyat davam edir hələ…
Əlbəttə, əvvəlki çıxış və qeydlərimdə təfərrüatlara varıb, Bəxtiyarın da səhv və xətalarını göstərmişəm, tənqid etmişəm-ədalətçün.
Bununla belə, mənimçün 2020-ci ilin parlament seçkilərində (2020-ci ilədək hökumət dairələri ilə təmaslarını nəinki təkzib edib, əksinə, hələ azadlıqda ikən detallarınadək danışıb, hansısa islahatlara, açılımlara və s. ümid etdiyini bildirib.) qalib gəlməsinə baxmayaraq, səsləri oğurlanan, bundan sonra sərt idarəetmə ilə açıq ziddiyyət içində olan, repressiv sistemə, tənqidçilərə qarşı qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış, işgəncə tətbiqində rol alan vəzifəli şəxslərin beynəlxalq sanksiyalara məruz qalmalarıçün çalışan, sənədli və məqsədyönlü fəaliyyət planı hazırlayan, buna görə də dəfələrlə saxlanılan, döyülən, təhqir edilən, iki dəfə oğurlanaraq alçaldıcı münasibətə məruz qalan, bütün bunlar bir nəticə vermədikdəsə ötən ilin dekabrında barəsində həbs qətimkan tədbiri seçilən Bəxtiyarın siyasi girov həyatı yaşaması narahatedicidir.
Çünki, o, bir vicdan məhbusudur və azadlıq halal haqqıdır!
 
 
Rüfət Səfərov
Hüquq müdafiəçisi