Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür

Bu gün bəşəriyyətin ən üstün şəxsi əziz İslam peyğəmbəri Hz.Məhəmməd (s)  və İmam Cəfər Sadiqin(ə) mövlud günüdür.

Ey iman gətirənlər! Heç bir şeydə Allahı və Onun Elçisini qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah Eşidəndir, Biləndir. (Hucurat 1)

Bu gün bütün İslam aləmi üçün ən əziz günlərindən biridir

Rəbiul-əvvəl ayının 17-si İslam dünyasının ən böyük bayramlarından biridir.Bu gün Allahın bəşər üçün göndərdiyi peyğəmbərlərin sonuncusu, Allahın dininin carçısı, bütün yaradılış aləminin ən üstünü olan Həzrəti Məhəmmədin (s) mövlud günüdür.

Tarixi və dini mənbələrə görə həzrəti Məhəmməd (s) Məkkədə, Rəbiül-əvvəl ayının 17-də, dünyaya gəlib (miladi-570-ci il).

Həzrət (s) dünyaya gələn zaman babası Əbdülmüttəlib qoyun qurbanı kəsir. Qureyş tayfasını dəvət edir və onların toplaşdığı məclisdə O həzrətə  Muhəmməd (s)adını qoyur. Ondan soruşurlar ki, niyə bu körpənin adını Muhəmməd qoyursan? (Bu ad ərəblərin arasında çox nadir bir ad idi.) Deyir: “İstədim ki, həm yerdə və həm də göydə onu mədh etsinlər. Allah bu adı öz Mahmud adına yaxın olan bir ad kimi seçmişdi. Mahmud yəni bəyənilən, Muhəmməd isə mədh edilən deməkdir. Hər iki söz bir kökdən götürülmüşdür”.

Peyğəmbərimizin (s) atası Abdullahın və anası Əmanənin vəfatından sonra o həzrəti babası himayə edir. Babası ilə bir neçə il ömür sürən həzrəti Məhəmməd (s) onun vəfatından sonra əmisi həzrəti Əbu Talib ilə bir ailədə yaşamağa başlayır. Beləliklə həzrəti Məhəmmədin (s) bərəkətli ömrü çox gözəl bir ailədə davam edir.

Bu günün əməlləri:

1.Qüsl etmək.

2.Oruc tutmaq(Bu gün oruc tutan şəxsin savabı il boyu oruc tutmaq savabına bərabərdir).

3.Namaz(İki rikətli namazdır; hər iki rikətdə "Fatihə" surəsindən sonra 10 dəfə "Qədr" və 10 dəfə "İxlas" surəsini  oxumaq).

4.Sədəqə vermək.

5.Hz.Məhəmməd(s) peyğəmbəri ziyarət etmək (Bu gün peyğəmbərin(s) qəbrini ziyarət etmək çox böyük savabdır.

İmkanı olmayanlar onu uzaqdan ziyarət edə bilərlər. Bunun üçün dua kitablarında bir neçə ziyarət nəql olunmuşdur. Bunu da edə bilməyənlər dayandığı yerdən "Əssəlamu əleykə Ya Rəsuləllah" desələr belə kifayətdir. Rəvayətdə Hz.Rəsuli-Əkrəm buyurmuşdur: "Hər kim mənim qəbrimi ziyarət edərsə, elə bil məni sağlığımda ziyarət etmişdir. Mənim qəbrimi ziyarət edə bilməyən dayandığı yerdən mənə salamgöndərsin".

6.Hz.Əlini(ə) ziyarət etmək.(Hz.Əlinin(ə) qəbrini yaxından və yaxud uzaqdan ziyarət etmək).

7.Bu günü əziz tutmaq və qeyd etmək.(Seyyid ibn Tavus "əl-İqbal" kitabında bu günü qeyd etməyi tapşırmışdır. Çünki bu gün insanların və peyğəmbərlərin(ə) ən üstün şəxs dünyaya gəlmişdir.).

Bu gün həmçinin  6-cı İmam Həzrəti Cəfər Sadiqin (ə) mübarək mövlududur.

İmam hicri 83-cü ildə Mədinə şəhərində dünyaya gəlib, hicri 148-ci il Şəvval ayının 25-də isə Abbasi xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid edilib.

Atası İmam Baqir (ə) şəhadətə yetişdikdə onun 34 yaşı olub və o zamandan 31 il ərzində müsəlmanlara imamlıq edib, Allahın nazil etdiyi Quranın buyuruqlarını bəşəriyyətə təbliği və böyük fədakarlığı nəticəsində, imam Mədinədə o zamanlar üçün nəhəng tədris mərkəzi qurmağa nail olub.İmam Cəfər Sadiqin (ə) elmindən yararlanmaq məqsədi ilə dünyanın müxtəlif guşələrindən insanlar Mədinəyə axışır, həqiqi İslam haqda, eləcə də digər dünyəvi fənlər üzrə bilgi alırdılar. Müxtəlif zamanlarda imamın 4 min tələbəsi olub, o, elmin müxtəlif sahələrində bir çox görkəmli alim yetişdirib.Təsadüfi deyil ki, şiə məzhəbi həmçinin Cəfəri məzhəbi kimi də adlanır, bu yolun davamçılarına isə həm də "cəfərilər" deyilir. İmam Sadiqin (ə) həyatı "İslam elmə qarşıdır" kimi fikirlər irəli sürənlərə ən tutarlı cavablardan biridir.

. Bu mövlud münasibətilə bütün müsəlmanlarını təbrik edirik. Allah bu günə xatir bizi hər iki dünyada Peyğəmbər (s) və Əhli-Beytindən (ə) ayrı salmasın.

 

ahlibeyt.az