Birləşmiş Ərəb Əmirlikləri israilli nazirin Fələstin xalqı ilə bağlı açıqlamasına reaksiya göstərib

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriçin Fələstin xalqının varlığını inkar edən açıqlamalarına reaksiya verib.

“BƏƏ təhrikedici fikirlər ilə mənəvi və humanitar dəyərlərə və prinsiplərə zidd olan bütün hərəkətləri rədd edir”, – deyə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda nifrət nitqi və zorakılıqla mübarizənin vacibliyi vurğulanıb. BƏƏ-nin Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin bölgədə gərginliyin aradan qaldırılması üçün göstərilən səylər çərçivəsində tolerantlıq və birgəyaşayış dəyərlərinin dəstəklənməsinin vacibliyi vurğulanıb.

Bəyanatda paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması və iki dövlətli həlli təhdid edən qeyri-qanuni addımlara  son qoyulmasının böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib.

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç  Parisə etdiyi səfər zamanı qatıldığı anım mərasimində etdiyi çıxışda “Fələstin deyə bir şey yoxdur və Ağ Ev bunu eşitməlidir” demişdi.

İsrailin maliyyə naziri Bezalel Smotriç daha əvvəl verdiyi bəyanatda bildirmişdi ki, Havvara bölgəsi yer üzündən silinməlidir.