Prezident İlham Əliyevin İranla münasibətlərin yaxşılaşdırılmasına və inkişafına dair mövqeyi, üstəlik, Azərbaycanla İran arasındakı gərginliyin regiondankənar ölkələrin maraqlarına xidmət etdiyi barədə açıq çağırışları ortada olsa da, hələ də dövlətin çətiri altında gizlənmiş böyük bir şəbəkə indi də helikopter qəzasından sui-istifadə etməklə, İran əleyhinə ABŞ, Avropa və İsrailin nəfinə təbliğat aparmaqda davam edir.
Açıqca görünür ki, onlar üçün önəmli olan Azərbaycan dövlətinin maraqları yox, xidmətində durduqları çevrələrin mövqeyi, tapşırıqlarıdır!
Dəfələrlə yazmışıq və bir daha təkrarlayırıq: Qərbin və İsrailin maraqlarının təmini üçün ölkəmizin ictimai-siyasi sektorunda formalaşdırılan bu şəbəkənin əsas missiyası Azərbaycan ictimai rəyini tarixi yaralarımızdan istifadə etməklə, davamlı şəkildə Rusiya və İrana nifrət hissi üzərində kökləmək, bütün problemlərimizin baiskarları olaraq bu iki ölkəni, eyni zamanda İslam dininə mənsubluğumuzu göstərmək və xilaskar qismində Qərbi təqdim etməklə, düşüncələrdə bizim Avropaya sığınmaqdan başqa alternativimizin olmadığı çarəsizliyini yaratmaq və sonda da ərazilərimizi NATO-nun hərbi məqsədlərinə meydança etməkdir!
Prezident Əliyevin 44 günlük Vətən Müharibəsindən dərhal sonra yaxın qonşularla münasibətlərin tənzimlənməsini nəzərdə tutan və Cənubi Qafqazla həmsərhəd 3 nəhəng ölkə - Türkiyə, Rusiya və İran tərəfindən açıq şəkildə dəstəklənən “3+3” formatı ABŞ və Avropanın 30 il boyunca ölkəmiz üzərində apardığı siyasətə zidd olduğundan, hər fürsətdə bu formatın pozulmasına və bizi əvvəlki kursa qaytarmağa cəhdlər edilir, ilk növbədə də, ictimai rəydə Azərbaycan-Rusiya, Azərbaycan-İran, Türkiyə-Rusiya, Türkiyə-İran münasibətlərinin pozulduğu görüntüsü yaratmaqla, həmin ictimai nifrətin qalıcılığını təmin etməyə davamlı səy göstərilir.
Bu şəbəkə təmsilçilərinin son 4 ildəki fəaliyyətlərinə ötəri diqqət yetirsəniz, hər şey sizə aydın olacaq. Baxın:
- ilk dəfə Qarabağ məsələsində Rusiya Ermənistana arxa çevirib Azərbaycanın maraqlarıyla hesablaşmağa başladığı bir vaxtda onlar “sülhməramlı” bəhanəsiylə Rusiya əleyhinə ölkəmizin içərisindən geniş təbliğata başladılar və Paşinyan Ermənistanıyla eyni cinahda yer alaraq, ona bizimlə sülh sazişini imzalamaqdan yayınmaqda kömək etdilər;
- Rusiya-Ukrayna savaşı başlayanda “Rusiya Ukrayna ərazilərini işğal edib” bəhanəsiylə Rusiya əleyhinə ikinci aktiv təbliğat cəbhəsinin ölkəmiz üzərindən də açılması üçün dəridən-qabıqdan çıxdılar, Qarabağın işğalına 30 il göz yuman Qərbi ədalət simvoluna çevirərək, onun Ukrayna xalqının faciəsiylə bitən bütün təhrikçi addımlarına dəstək ifadə etdilər;
- HƏMAS-İsrail savaşı yenidən başlayanda isə beynəlxalq hüququ, BMT qətnamələrini bir kənara atıb, “İsrail bizə silah satıb” tezisiylə açıq şəkildə İsrailin işğalçı və zorakı hərəkətlərinə haqq qazandıraraq, Qəzza əhalisinin, dinc fələstinlilərin soyqırımının müdafiəsinə qalxdılar;
- hər dəfə İranla münasibətlərimiz düzələn və qarşılıqlı xoş mesajlar verilən kimi, İrandakı soydaşlarımızın hüquqlarını müdafiə etmək adı altında hərəkətə başlayır və açıq şəkildə başqa bir dövlətin ərazi bütövlüyünü, dövlət suverenliyini şübhə altına alan separatçı meylləri təbliğ və təşviq edir, müqəddəslərinə təhqir yağdırırlar...
Hazırda bu şəbəkənin İran prezidentinin qəzaya uğrayan helikopterinin köhnə olması və axtarışlara da Türkiyənin “Akıncı” PUA-sının cəlb edilməsi mövzusu üzərində hədisz geniş dayanaraq, bu faktları İranın hərbi-iqtisadi qüdrətini ironiya və aşağılma predmetinə çevirmələri də məqsədlidir və bu təbliğatın da arxasında ABŞ-İsrail tandeminin maraqları dayanır.
Məlum olduğu kimi, bu il aprelin 14-də İran ilk dəfə olaraq öz ərazisindən birbaşa İsrail ərazisinə raket zərbələri endirmiş, eyni zamanda, öz “Əbabil quşları”nı – dronlarını Təl-Əvivin başı üzərinədək uçuraraq, bütün dünyaya özünün hərbi-texnoloji qüdrətini nümayiş etdirmişdi...
İndi isə ABŞ və İsrailə bağlı media, o cümlədən onların Türkiyə və Azərbaycandakı şəbəkələri helikopterin köhnə olması faktını və qəzaya uğrayanların yerinin müəyyənləşdirilməsində də İranın özünün heç nə edə bilmədiyini xüsusi şişirtməklə, bir tərəfdən, ictimai rəydə Türkiyə-İran cəbhələşməsi yaratmaq istəyir, o biri tərəfdən də İranın İsrail üzərində nümayiş etdirdiyi hərbi və texnoloji qüdrətinin effektini aşağı salmağa, puça çıxarmağa çalışırlar...
Halbuki İranın kömək üçün həm Türkiyə, həm Rusiya, həm də Çinə müraciət etməsi və hər üçünə də sonda təşəkkür etməsi helikopter qəzasının bundan sonrakı İran siyasətində dəyişiklik yaratmayacağının və həm də çətin gündə İranın dost saydığı ölkələrin kimlər olduğunun bütün dünyaya nümayişi idi...
İrandakı azərbaycanlıların hüquqlarının müdafiəsini özünün “müqəddəs borcu” sayan və İran əleyhinə bütün əxlaqsız və qeyri-hüquqi addımlarını bununla əsaslandıranların saxta vətənpərvərlər və riyakarlar olduqlarını, ABŞ-İsrail tandeminin maraqlarına xidmət etdiklərini isə bircə fakt sübut edir: insanın ən üstün təbii hüquqlarından biri yaşamaq hüquqdur ki, ABŞ-ın 45 ildir İrana qarşı tətbiq etdiyi sanksiyalar, ilk növbədə, İran xalqının böyük bir hissəsini təşkil edən milyonlarla azərbaycanlının dinc və rahat yaşamaq hüququnu əllərindən alıb, ancaq bu şəbəkə təmsilçiləri, bircə dəfə də olsun, o azərbaycanlıların yaşamaq hüququnu pozan öldürücü Qərb sanksiyalarına etiraz etməyiblər!
Ölkəmizi Qərbin əlaltısına çevirmək istəyən, regiondakı İslam ölkələrinin, xüsusən də Azərbaycan-Türkiyə-İran yaxınlaşmasına qarşı olan bu mənfur və fitnəkar şəbəkənin yalançı vətənpərvər çıxış və paylaşımlarına, təbliğatlarına alət olmayın, dostlar!
Vətənpərvərlik bəzi əclafların, yaramaz və nadürüstlərin son sığınacağı olsa da, Allah onları mütləq ifşa edəcək, əmin olun!
Ona da əmin olun ki, Azərbaycan-İran münasibətlərinin gələcəyini ABŞ-İsrail tandeminin təbliğatını aparan bu fitnəkarlar yox, 19 mayda - İmam Rzanın (ə) mövlud günündə Araz çayı üzərindən iki ölkə prezidentinin bütün dünyaya elan etdikləri birlik çağırışları müəyyənləşdirəcək!
Birlikdə dirilik, həyat, xeyir və bərəkət var - eynən Arazın bu suyu kimi!
Politoloq Elxan Şükürlü
Birlikdə dirilik, həyat, xeyir və bərəkət var - eynən Arazın suyu kimi!