Banklar niyə bağlanır? - Mərkəzi Bankdan açıqlama

"Azərbaycanda fəaliyyət göstərən banklarda hansısa problemlər vaxtında aradan qaldırılmayıbsa və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır". 

Operativtv.com Toplum TV -yə istinadən  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, bu sektor nəzarət altındadır: "Bəzi banklar çox aktivdir, bəzilərinin fəaliyyəti normaldır, bəzisi isə problemlidir və həcmindən asılı olmayaraq bütün maliyyə sektoruna xələl gətirə bilər".

Taleh Kazımov qeyd edib ki, bankların bağlanması yaxşı hal deyil, amma böyük problemi olan təşkilatlarda vaxtında işlər görülməlidir. 

"Görülməyibsə və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır. Çünki maliyyə sektoru iqtisadiyyatın real sektorunun mərkəzindədir. Orada olan problemlər bütün iqtisadiyyatımıza təsir edəcək", - deyə o vurğulayıb. 

Azərbaycanda sonuncu dəfə bu ilin may ayında "Günay Bank"ın lisenziyası ləğv olunub. Hazırda ölkədə 24 bank fəaliyyət göstərir. 2011-ci ildən bu günədək ölkədə 22 bank bağlanıb.

Həmçinin son iki ayda Mərkəzi Bank "Union Kredit", "Gold Finance" və "Viza Kredit" bank olmayan kredit təşkilatlarının (BOKT) lisenziyasını ləğv edib.