İbadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyəti ruhanilər idarəsindən alınır

Bundan sonra ruhanilərin ibadət məkanlarına təyinatına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi baxacaq. Təyinat tamami ilə Dövlət Komitəsinin səlahiyyətlərinə daxil olacaq. Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib. “Əslində bu məsələ uzun müddət müzakirə olunurdu. Nəhayət, qərara gəlindi ki, bu iş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə həvalə olunsun.

Burada önəmli məsələ odur ki, əvvəlki dövrdə Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsini və Azərbaycan İlahiyyat İnstitutunu bitirənlərə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) din xadimi kimi fəaliyyət göstərməyə imkan vermirdi. Bu gənclərin çoxu işsiz qalmışdı. Bakı Dövlət Universitetinin təxminən 1000-ə yaxın gənc məzunu olmuşdu, lakin dövlətin vəsait qoymasına, bu cür adamların yetişdirilməsinə baxmayaraq, onların heç biri QMİ tərəfindən işlə təmin edilmirdi.

İndi bu məsələyə son qoyulub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İlahiyyat institutunun və Bakı Dövlət Universitetinin məzunlarına tədricən şərait yaradır. Hesab edirəm ki, bu, təqdirəlayiq haldır. Proses dövlətin özünün nəzarətində olmalıdır. Dövlət də bunu edir. Artıq bu sahədə işlər görülür”.

Bu günə qədər din xadimlərinin təyinatı Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətləri daxilində olub. Lakin Qafqaz Müsəlmanları İdarəsinin Əsasnaməsinə edilən son dəyişiklik bu səlahiyyətləri idarədən alır. Dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyətini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verir.