Azərbaycan və İran prezidentləri arasında görüş olub

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasında görüş olub.

Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində yayılan xəbərə görə, görüşdə Araz çayı üzərində Ağbənd istiqamətində dəmir yolu və avtomobil yolu körpülərinin tikilməsi və İran ərazisindən dəhlizin çəkilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə Azərbaycan ərazisində dəmir yolu infrastrukturunun ötürmə qabiliyyətinin artırılması və bunun tikintisinin Rəşt-Astara dəmir yolu ilə sinxron qaydada həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, 3+3 formatının əhəmiyyəti qeyd edilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

İran Prezidenti Seyid İbrahim Rəisi deyib ki, iki ölkə arasında əlaqələr qənaətbəxş səviyyədədir və müxtəlif sahələrdə uğurla davam edir.

“Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq”, o qeyd edib.

O, Iranın Qarabağın bərpasında Azərbraycana dəstək, o cümlədən mühəndis-texniki sahədə təkliflər verməyə hazır olduğunu bildirib.

Prezident Rəisinin fikrincə, regionda nəqliyyat və tranzit sahələrində vəziyyət gündən-günə yaxşılaşır.

“Ölkələrimiz arasında nəqliyyat işi getdikcə artır. Bu, həm sizin, həm də bizim hədəflədiyimiz məsələdir. Araz çayı üzərindən keçən Ağbənd marşrutu və bizim orada bir-birimizlə razılaşdıraraq həyata keçirdiyimiz layihələr hər iki ölkənin maraqlarına cavab verir. Bu, Azərbaycan, İran və Naxçıvan arasında nəqliyyat əlaqələrinə zəmanət verir və bu sahədəki qayğıları aradan qaldırır. Əminik ki, rəqiblərimizin istəklərinin əksinə olaraq, münasibətlərimiz gündən-günə yaxşılaşır və əlaqələrimizə mane olmaq istəyən ölkələr öz planlarını həyata keçirə bilmir və məyus olur”, Iran prezidenti qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Ağbənd yaxınlığında Araz çayı üzərindən körpülərin tikintisinə başlanılması, həmçinin İran ərazisi vasitəsi ilə Naxçıvana yol çəkilməsi böyük perspektivi olan layihədir. Prezident bildirib ki, İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən, məhz Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəlişi təmin etməkdən (Zəngəzur dəhlizi-red) imtina edirdi və imtina etməkdə davam edir.

“İran və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində biz Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsini razılaşdırdıq. Əminəm ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcəkdir. Yəni, nəticədə bizim iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazisindən. Hər iki marşrut İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək”, o qeyd edib.

Əliyev hesab edir ki, əvvəlki illərdə regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdləri olub.

“Bu cəhdlər nəticəsiz qaldı. Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcək”, Azərbaycan Prezidenti qeyd edib.