Azərbaycan və İran arasında hava yollarının dayandırılması şaiyədir

Azərbaycandakı İran İslam Respublikası Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan İran-Azərbaycan arasında hava yollarının dayandırılması xəbərinin şaiyə olduğunu bildirib. O, əlavə edib ki, Azərbaycanla İran arasında hazırda həftədə iki dəfə həyata keçirilən uçuşların sayını dörd dəfəyə çatdırılması gözlənilir.

Onun sözlərinə görə, hazırda İrana “Azərbaycan Hava Yolları” QSC-nin törəmə müəssisəsi “Buta Airways” hər həftənin cümə günləri, İranın “İrair” aviaşirkəti isə hər həftənin bazar ertəsi uçuşlar həyata keçirir: “Hazırda aparılan danışıqlarda Azərbaycanla İran arasında uçuşların sayını həftədə dörd dəfəyədək artırılması müzakirə olunur”.

Ə. Purmərcan əlavə edib ki, İranın Azərbaycandakı Səfirliyi istəyir ki, Azərbaycanla İran arasında quru yollar açılsın: “Quru yollar açılsa, iki ölkə arasında turist axını artacaq. Həm azərbaycanlılar İrana gedəcək, həm də İrandan Azərbaycana gələn turistlərin sayı çox olacaq. İranda azərbaycanlı turistlər ölkəyə gələnlərin sihayısında ilk üçlükdə qərarlaşıb. İldə 1 milyondan çox azərbaycanlı turistlər İrana gedirlər. Ona görə, ümid edirəm ki, quru yollar tezliklə açılar”.