Azərbaycan türk dövlətlərinə 20 milyard sərmayə qoyub

"Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir".

Operativtv.com Toplum-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə çıxış edərkən bildirib.

“2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb”, - Əliyev çıxışında vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir.

O, türk dövlətlərinin Azərbaycanda həyata keçirdiyi layihələrdən də danışıb. Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və inşa edilən yaradıcılıq mərkəzinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirib. 

Əliyev ümumən azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edildiyini açıqlayıb. Əlavə edib ki, növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılması nəzərdə tutulur. 

Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü “Türk zamanı!” şüarı altında Astanada keçirilir.

Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.