Ayətullah Xamenei: İranın Ukrayna müharibəsində iştirakı yoxdur, bu müharibəni Amerika yaradıb və ondan ən çox qazanc əldə edən də elə Amerikadır

Operativtv.com Maide-yə istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei baharın və yeni ilin ilk günündə – (martın 21 də) səkkizinci imam Həzrət Əli ibn Musa Rzanın (ə) müqəddəs hərəmini ziyarətə gələnlər və hərəmin yaxınlığında yaşayan əhali ilə izdihamlı görüş keçirib.
Ayətullah Xamenei çıxışında bildirib ki, Novruz bayramında il təhvil olunarkən, duada oxuyuruq:
"Ey halları dəyişdirən Allah! Bizim halımızı yaxşılığa doğru dəyiş!"
İnsan özündə dəyişiklik etmək istəyirsə, gərək bunun üçün ciddi addımlar atsın. Allahdan dəyişiklik diləyirik, amma özümüz də çalışmalıyıq. Allahın bizə olan lütfünü göstərməsinə və bu istəyi yerinə yetirməsinə səbəb bizim səyimizdir. Eyni zamanda, bunu Allahdan da istəmək lazımdır.
Nəyin dəyişilməsini istəmək daha da mühümdür. Dəyişiklik deyərkən məqsəd budur ki, eyiblər aradan qaldırılsın və üstün cəhətlər daha da inkişaf etdirilsin.
Ayətullah Xamenei qeyd edib ki, İslam inqilabının və İran xalqının daxili istehkamı olduqca güclüdür. "Xalqımız özünə güvənən, müstəqil və cəsurdur, müxtəlif sahələrdə özünə və imkanlarına inamını nümayiş etdirib. Dəyişiklik üçün bizə milli özünəinam və sayıqlıq lazımdır, əks halda, güclü tərəflərimizə zərbə vura bilərik.
"Bəziləri İslam quruluşu və inqilab üçün can yandırsa da, bəzən xeyirxah və islahedici bir hərəkat üçün etinasızlıq və laqeyd davranaraq yaxşı və güclü məqamlara zərər verirlər.
Güclü tərəflərə zərbə vurmamaq istəyiriksə, mütləq onunla tanış olmalıyıq. Mən əziz gənclərdən çox şey gözləyirəm; belə ki, oturub düşünsünlər. İran millətinin və İslam sistemimizin ən mühüm güclü cəhətlərindən biri onun daxili quruluşunun güclü və möhkəm olmasıdır.
Xalqın Allaha olan imanı və mənəviyyatı buna səbəb olmuşdur. Bu xalq, on illərdir ki, düşmənin zəncirvari düşmənçiliyinə qalib gəlmişdir. Müharibələri, siyasi-iqtisadi təzyiqləri və təhlükəsizlik sahəsində olan başqa addımları bu düşmənçiliyə misal göstərmək olar. Misli görülməyən bu düşmənçiliklərin qarşısında yalnız İran xalqı dayana bilib."
Ali Rəhbər bildirib ki, düşmənlər xarici siyasət sahəsində İranı təcrid etməyə çalışdılar. Onların səyləri əks təsir göstərdi. "Bizim Avropa ilə əlaqələrimiz zəifləsə də, region ölkələri və Asiya ilə əlaqələrimiz çox güclənib. Biz, bu əlaqələri daha da gücləndirəcəyik. Həmçinin, Avropa ilə əlaqələri də tamamilə kəsmək niyyətində deyilik. Əgər hansısa bir Avropa ölkəsi kor-koranə şəkildə Amerikanın əmrlərinə tabe olmasa, biz onlarla əlaqələrimizi daha da genişləndirə bilərik."
Ayətullah Xamenei qeyd edib ki, ölkəmizdə "iqtisadi ədalət" prinsipi hələ ki tam şəkildə bərqərar olmayıb. "İqtisadiyyatın dövlətin əlində olması ilə "iqtisadi ədaləti" bərqərar ediləcək" düşüncəsi tamamilə yanlışdır. "Çünki biz bunun tam əksini təcrübə etmişik. Bu səbəbdən də, iqtisadiyyatı xalqın öhdəsinə buraxmaq və buna nəzarəti artırmaq lazımdır. Başqa eybimiz isə, iqtisadiyyatı neftdən asılı etməyimizdir. İqtisadiyyatın neftdən asılılığını azaltmalı, qeyri-neft sektoruna güc verməli və ixracatı artırmalıyıq. Hazırki dövlət hakimiyyətinin əsas vəzifələrindən biri də budur. Eyni zamanda, dolları da iqtisadi mübadilələrdən çıxarmaq lazımdır. "
Ali Rəhbər qeyd edib ki, düşmənin gördüyü işlərdən biri də, xalqın üstün cəhətlərini zəiflədib, zəif cəhətlərini isə artırmaqdır. "İlk öncə xalqın üstün cəhətlərini tanımaq və onları gücləndirmək lazımdır. "Nas" surəsində qeyd olunan "vəsvəsə edənlər" həqiqətləri xalqa olduğu kimi çatdırmayan muzdur təbliğatçılardır. Düşmənin əsas hədəflərindən biri də budur ki, bu vəsvəsə edənlərin vasitəsilə gəncləri gələcəyə ümidsiz etsin. "Ümidsizlik" - dalana dirənmək deməkdir... Cəmiyyətdə ümid yaradın. Ümid yaratmaq özünü aldatmaq deyil. Kənarında zəif cəhətlər də qeyd olunsun. Amma inkişaf üçün gələcəyə ümid lazımdır."
Ali Rəhbər çıxışında Ukrayna müharibəsindən də danışıb. "Bizim Ukrayna müharibəsində iştirakımız yoxdur. Bu müharibəni Amerika yaradıb və indi də Amerika bu müharibədən ən çox qazanc əldə edir. ABŞ məntəqədən çıxmalıdır. Çünki məntəqədə qaldıqca, yerli xalqların nifrətini daha çox qazanır. Necə ki, Əfqanıstanda olduqları 20 il müddətində xalqa zülm etdilər, sonra da oranı tərk etmək məcburiyyətində qaldılar."