AXCP vətəndaşların hüquq və azadlıqlarının pozulmasına görə Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırır

Turan xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası demokratik beynəlxalq ictimaiyyəti Azərbaycanın avtoritar rejiminə qarşı cəza tədbirləri görməyə çağırır.

"İlham Əliyev rejimi inadla Azərbaycanı Şimali Koreya kimi bir ölkəyə çevirmək istəyir və beynəlxalq ictimaiyyət bunun qarşısını almağa borcludur", - ölkənin müxalifət partiyasının bəyanatında deyilir.

Sənəd kuryerlərə və müstəqil həmkarlar ittifaqı fəallarına, xüsusilə müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının üzvlərinə qarşı son repressiya faktları ilə əlaqədar qəbul edilib.

“Səbəb onların mopedlərlə müştərilərə qida sifarişləri daşıyan kuryerlərin pozulan hüquqlarını müdafə etməsidir. Avqustun 1-də bir qrup kuryer idarə etdikləri mopedləri yol polislərinin saxlayaraq cərimə meydançasına aparmasına etiraz edib. Həmin etiraz aksiyasından dərhal sonra İşçi Masasının sədri Afiyəddin Məmmədov saxlanılıb və 30 sutka inzibati həbsə məhkum edilib. Sonrakı günlərdə isə İşçi Masası İdarə Heyətinin üzvləri Ayxan İsrafilov və Elvin Mustafayev narkotik maddələrin əldə edilməsi, saxlanılması və satışı ittihamı ilə həbs olunublar.

AXCP həbs edilən İşçi Masası üzvlərinə qarşı rəsmi ittihamları qurama hesab edir və həmin şəxslərin bilavasitə ictimai fəaliyyətlərinə görə hədəfə alındıqlarını bildirir.

“Sərt avtoritar mahiyyəti və repressiya vərdişləri ilə tanınan İlham Əliyev hakimiyyəti ölkədə onun nəzarətindən kənar hər cür təşkilatlanmaya və etirazlara böyük təhlükə kimi baxır. İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası da məhz işçilərin, konkret halda kuryerlərin hüquqlarını müdafiə edən müstəqil ictimai təşkilat olaraq hakimiyyətin qəzəbinə və hədəfinə tuş gəlib”, sənəddə qeyd edilir.

AXCP İşçi Masasına qarşı hakimiyyətin repressiv münasibətini kəskin şəkildə pisləyir, təskilatın həbs edilən üzvlərinə azadlıq tələb edir.

Bundan başqa, partiya ölkədə müxalifətə və müstəqil ictimai-siyasi qüvvələrə qarşı düşmən münasibətə son qoyulmasını tələb edib. Son aylarda dünya şöhrətli professor və siyasətçi Qubad İbadoğlu da daxil olmaqla xeyli sayda siyasətçi və ictimai xadim, eləcə də dindar siyasi motivlərlə həbs edilib.

Hazırda həbsxanalarda 8 AXCP fəalı var.