"Avropa və Amerika xalqları öz vəzifəsini aydınlaşdırmalı və irqi ayrı-seçkiliyin tərəfdarı olmadıqlarını göstərməlidirlər".

 Ayətullah Xamenei:  "Indi bütün dünya qabaqcıl hərbi qurğulara və texnikaya malik bir rejimin bu imkanlardan heç birinə sahib olmayan rəqibinə qalib gələ bilmədiyi həqiqətini aydın şəkildə görür."

Noyabrın 19-da İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin nailiyyətlərini əks etdirən sərgi təşkil edib. Sərgiyə baxış keçirən İranın Ali Baş Komandanı Ayətullah Xamenei sərgidə təqdim edilən silahlarla tanış olub. Sərgiyə baxış keçirəndən sonra o, çıxış edib. Çıxışında Ali Rəhbər  Fələstində baş verən hadisələrə və sionist rejimin Qəzzada cinayətlərinin davam etdirməsinə toxunaraq deyib:

 "Qəzzədə baş verənlər bir çox gizli həqiqətləri dünya xalqlarına aşkar etdi. Bu həqiqətlərdən  biri də irqi ayrı-seçkiliyə Qərb ölkələrinin liderlərinin dəstəyidir.”

Ayətullah Xamenei sionist rejimi irqi ayrı-seçkiliyin təzahürü adlandıraraq bildirib:

"Sionistlər özlərini üstün irq, digər insanları isə alçaq irq hesab edirlər. Buna görə də vicdan əzabı çəkmədən bir neçə min uşağı qətlə yetirirlər."

Ali Rəhbər bildirib ki,  ABŞ prezidenti, Almaniya kansleri, Fransa prezidenti və İngiltərənin baş naziri bu qədər iddialarla belə bir irqçi rejimi dəstəkləyir və ona kömək edirlər. Bu o deməkdir ki, bu cənabların  irqi ayrı-seçkiliyi dəstəkləməsi dünyada ən çox nifrət doğuran məsələlərdəndir.

"Avropa və Amerika xalqları da bu vəziyyətdə öz vəzifəsini aydınlaşdırmalı və irqi ayrı-seçkiliyin tərəfdarı olmadıqlarını göstərməlidirlər".

Ayətullah Xamenei çıxışında Qəzzadakı  məsələlərlə bağlı qeyd etdiyi digər məqam sionist rejimin hərbi və əməliyyat uğursuzluğudur.

"Qəzzada kütləvi bombardmanlara baxmayaraq, sionist rejim indiyə qədər öz hərəkətində uğursuzluğa düçar olub. Çünki əvvəldən deyirdilər ki, bizim məqsədimiz HƏMAS-ı və müqaviməti məhv etmək və onları yerlə yeksan etməkdir, lakin 40 gündən çox keçməsinə, eləcə də bütün hərbi qüdrətini ortaya qoymasına rəğmən, hələ də bunu  bacarmayıblar."

Ali Rəhbər Ayətullah Xamenei  Qəzzada xəstəxanaların, qadın və uşaqların vəhşicəsinə bombalanmasını sionist rejim rəhbərlərinin məğlubiyyəti ilə bağlı hədsiz əsəbiliklərinin əlaməti hesab edib və  bildirib:

"Sionist rejimin Qəzzada məğlubiyyəti bir reallıqdır. İrəliləmək,  xəstəxanalara və ya insanların evlərinə soxulmaq qələbə deyil. Çünki qələbə qarşı tərəfi məğlub etmək  deməkdirsə, sionist rejim hələ buna nail ola bilməyib və gələcəkdə də buna nail ola bilməyəcək."

Ayətullah Xamenei bildirib ki, bu uğursuzluq Amerika və Qərb ölkələrinin də uğursuzluğu deməkdir.

 "İndi bütün dünya qabaqcıl hərbi qurğulara və texnikaya malik bir rejimin bu imkanlardan heç birinə sahib olmayan rəqibinə qalib gələ bilmədiyi həqiqətini aydın şəkildə görür."

Ali Rəhbər çıxışının davamında müsəlman hökumətlərinin vəzifə və fəaliyyətləri haqqında bildirib ki,

bəzi İslam hökumətləri zahirən beynəlxalq qurumlarda  sionist rejimin cinayətlərini məhkum etdi bəziləri isə hələ də məhkum etməyib. Bu isə məqbul deyildir.  Əsas vəzifə sionist rejimin həyati damarını və axınını kəsmək və İslam hökumətlərinin bu rejimin əlinin enerji və əmtəələrə çatmasının qarşısını almaqdır.

 

Maidə.az